Moskva-İrəvan arasında sonu görünməyən böhran

10 Oktyabr, 2019 11:02 | Siyasət | Baxış sayı: 336
Vladimir Putin
Vladimir Putin

Putindən onu qarşılamayan Paşinyana cəza

Moskva ilə İrəvanın münasibətlərindəki böhran daha da dərinləşir. Bu barədə həm Rusiya, həm də erməni mətbuatı yazır. “Valday klubu”, Rusiya XİN rəhbəri Sergey Lavrovun dedikləri, deputat Zatulinin müsahibəsi və başqa amillər göstərir ki, iki ölkə arasındakı çatlar get-gedə böyüyür. Rusiya KİV antierməni fikirləri ilə dolub. 

Bunun üçün təkan rolunu İrəvan özü də – Avrasiya sammiti zamanı oynayıb. Ermənistanın baş naziri Nikol Paşinyan paytaxta gələn ölkə liderlərini şəxsən qarşılayıb. Rusiya prezidenti Vladimir Putindən başqa... Protokolun belə kobud pozuntusu cavabsız qala bilməzdi. Erməni baş nazirin etdiyi hörmətsizlik ölkənin müstəqilliyindən çox, Paşinyanın özbaşınalığına dəlalət edir. Görünür ki, o özünün tərəfdlarına necə “azad” olduğunu göstərmək istəyib. 

Rusiya mətbuatının yazdığına görə, iki ölkə rəhbərinin görüşü dostluq münasibətlərini möhkəmləndirməyib. Ermənistanın çox saylı problemlərindən heç biri, xüsusi ilə Rusiya qazının qiyməti ilə bağlı məsələ həll edilməyib.  Putinlə görüşün özü də tələsik olub. Jurnalistlər qeyd edirlər ki, Putin söhbət zamanı bir dəfə də olsun “birlik, bərabərlik” sözündən istifadə etməyib. Beləsi hələ heç vaxt olmamışdı.

Paşinyan artıq XİN başçısı Zöhrab Mnatsakananın dəyişdirilməsi məsələsini qaldırmaq istəyir. Bu barədə “Past” qəzeti yazır. Birincisi bu  Paşinyanın iflasa uğrayan ABŞ səfəri ilə əlaqələndirilir. Onunla ABŞ da heç bir rəsmi şəxs görüşmək istəməyib. İkinci zərbəni isə erməni baş nazir Sergey Lavrovun “Valday klubu”ndakı sərt bəyanatından sonra alıb. XİN başçısı erməni naziri danışıqlar prosesini pozmaqda ittiham edib.

“Past”ın mənbələri iddia edirlər ki, bundan şoka düşən Paşinyan bir daha Mnatsakananı dəyişmək lazım olduğunu deyib. Çünki o Rusiya ilə işi pozub. Nəticədə belə bəyanatlar ortaya çıxıb.

İndi jurnalistlər Aşqabaddakı MDB liderlərinin görüşündə nəyin baş verəcəyini gözləyirlər.