İlham Əliyev Kalaşnikovla görüşdü

10 Oktyabr, 2019 08:53 | Siyasət | Baxış sayı: 57
Görüş
Görüş

"Siz bizə çox əlamətdar vaxtda gəlmisiniz"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı Rus Kitab Evinin 10 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyətini qəbul edib. Onların arasında Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov  da olub. O, bildirib ki, buraya gələndə elə bil, öz evlərinə gəlirlər. 

Prezident onun dediklərini təsdiqləyib. "Düzdür, belə də olmalıdır. Mən sizi görməyimə çox şadam. Siz bizə çox əlamətdar vaxtda gəlmisiniz. Mənim də Rusiyaya səfərim yenicə başa çatıb. Tezliklə də MDB sammiti başlayacaq.

Heç kəs üçün sirr deyil ki, mənim Vladimir Vladimiroviçlə əslində qarşılıqlı hörmətə, qarşılıqlı anlaşmaya və əməkdaşlığı dərinləşdirmək cəhdlərinə əsaslanan, mötəbər, mən deyərdim ki, dost münasibətlərimiz mövcuddur. Əlbəttə, “Valday” forumuna dəvət olunmaq mənim üçün böyük şərəfdir. Forum özü də əhəmiyyətlidir, kimin dəvət etməsi də mühümdür. Vladimir Vladimiroviç məni hələ apreldə, bizim Pekində görüşümüz vaxtı dəvət etmişdi. Onda biz çox konstruktiv danışıqlar apardıq və indi Soçidə biz bir növ bu danışıqlarımıza yekun vururduq. Nə barədə razılaşırıqsa hamısı yerinə yetirilir. Əlbəttə, Prezidentlə görüş çox məzmunlu, səmimi keçdi. Mən buna çox şadam".