Prezident məmurları ifşa etdi - "Əslində hamısı əlbir idi"

10 Oktyabr, 2018 09:10 | Siyasət | Baxış sayı: 617
İlham Əliyev
İlham Əliyev

İlham Əliyev nazirlərin yanından vətəndaşlara müraciət etdi -"Dərhal məlumat versinlər"

"Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb.

"Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə"

Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək". Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında tikinti ilə bağlı növbəti dəfə xəbərdarlıq edib. 

O, qeyd edib ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. 

"Mən bunu bildirmək istəyirəm. Vətəndaşlara da mən müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Çünki vətəndaşlar dururdular, keşik çəkirdilər, qoymurdular, xəbər verirdilər və onların fəallığını mən alqışlayıram. Dəfələrlə demişəm ki, ictimai nəzarət güclü olmalıdır, artıq biz bunu görürük. Ona görə, bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır".

Prezident şəhər nəqliyyatının vəziyyətindən də danışıb. O, deyib ki, nəqliyyatın təkmilləşdirilməsi işində islahatlar aparırıq, həm yol-nəqliyyat hərəkətinin tənzimlənməsi, eyni zamanda, yeni yolların açılması, nəqliyyat vasitələrinin alınması istiqamətində.

"Bu il şəhərimizə əlavə 300 yeni müasir avtobus gətiriləcək. Mən göstəriş vermişəm, gələn il də, minimum 300, əgər maliyyə imkanımız olsa, 500 yeni avtobus gətirilməlidir. Dövlət bu sahədə öz liderliyini göstərməlidir. Çünki son vaxtlar baş vermiş dəhşətli qəzalar bizim hamımızı çox üzür və bu, vətəndaşlar üçün çox böyük faciədir, böyük itkidir. Nəyə görə? Çünki sükan arxasında oturan öz məsuliyyətini dərk etmir. Onun psixoloji, narkoloji durumuna, peşəkarlığına lazımi qaydada nəzarət olunmur, sadəcə olaraq pul naminə. Şirkətə pul lazımdır. Ona görə də bədbəxt hadisələr baş verir. Avtobus qatara çırpılır, günahsız insanlar həlak olur. Mühafizə orqanları belə hallara çox ciddi reaksiya verməlidir və belə hallar nəzarətdə olmalıdır. Çünki bəzi hallarda bu hadisəni törədənlər müəyyən müddətdən sonra məsuliyyətdən yayınırlar. Ona görə, buna son qoymaq üçün müvafiq qurumlar tərəfindən çox ciddi təftiş aparılmalıdır.

Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır. Ona görə, bizim dövlət qurumumuz var – “Bakubus” şirkəti. Onların xətti ilə biz bu işi davam etdirməliyik. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları onlara çox ciddi nəzarət etməlidir.

Qəza
Qəza