Ermənistanda ikinci aprel müharibəsi təhlükəsi

10 Oktyabr, 2017 15:00 | Siyasət | Baxış sayı: 359
Aprel döyüşləri
Aprel döyüşləri

Hakim partiya xalqdan nəyi gizlədir?

Ermənistanda 2018-ci ilin aprelində baş nazir kim olacaq? Hazırda ölkədə ən çox müzakirə edilən məsələ budur. 

Həmin müddətə yarım il qalmasına baxmayaraq, Nazirlər Kabinetinin sədrinin kim olacağı ilə bağlı hakim partiya ağzına su alıb dayanıb. Hakim Respublika partiyasının üzvləri gələcək baş nazirin adını çəkməyə belə qorxurlar. Onların yaddaşında bir müddət əvvəl xalqın İrəvan küçə və meydanlarına çıxaraq "Serjik, get!" şüarı yaxşı qalıb. Təbii ki, hakim elita xalq etirazlarından yaman qorxur. Bu səbəbdən də jurnalistlərin "baş nazir kim olacaq?" sualı cavabsız qalır. Qısa və lakonik cavab - "Vaxt gələr, bilərsiz".

Kuluarlarda hakim partiyanın deputatları qeyd edir ki, təhlükəsizlik nöqteyi-nəzərindən Sarkisyan baş nazir olmalıdır. Mətbuat və ekspertlər isə düşünür ki, xalq Sarkisyanın qəti əleyhinədir. Ona görə də bu sirr yaxşı qorunur. Qorxurlar ki, xalq küçələrə çıxacaq. Şüarlar isə bu dəfə "Serjik, get!" deyil, "Serjik, rədd ol!" olacaq.

Ölkədə iqtisadiyyat tam tənəzzülə uğrayıb. Dövlət borcları rekord qırır. Ermənilər öz tarixi yerlərini tərk edib gedir. Bu aylar azalma getdikcə çoxalır. Hakimiyyət isə bəyan edir ki, gələn il maaş və pensiyaların artımına heç kim ümid etmir. İqtisadçılar artıq hesablayıb ki, inflyasiyanın hesabına pensiya ilə 3-4 gün yaşamaq olar.

Məhz bu səbəbdən 2018-ci ilin aprelində Sarkisyan üçün 2016-cı ilin apreli kimi çox isti ola bilər. Yenə də Moskvadan xahiş etməlidir ki, Azərbaycanın cəbhə xəttində irəliləməsini dayandırsın.

Mais Məmmədov/əməkdar jurnalist