Azərbaycanın “İsgəndər”dən güclü hücum silahı

10 Oktyabr, 2017 15:33 | Siyasət | Baxış sayı: 1383
“Polonez” ağır reaktiv yaylım atəşi sistemi
“Polonez” ağır reaktiv yaylım atəşi sistemi

Yeni silah Qarabağ münaqişəsini qısa müddətdə tam qələbə ilə başa çatdırmağa yardım edəcək

Rusiya mətbuatı Azərbaycanın Belarusdan “Polonez” ağır reaktiv yaylım atəşi sistemləri almaqla bağlı razılaşdığını yazır.

İstiPress-in məlumatına görə, razılaşma Azərbaycan müdafiə naziri Zakir Həsənovun Minskə bu günlərdə etdiyi səfər zamanı əldə edilib.

Azərbaycanlı nazirlə söhbəti zamanı Belarus lideri Aleksandr Lukaşenko bu sövdələşmələrin qarşısını heç kimin ala bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Minskin istəyi Azərbaycanın “təhlükəsizlik şəraitində yaşamasıdır, dövlətin inkişaf etməsidir, Azərbaycanın və xalqının rifahıdır”. 

Aleksandr Lukaşenko və Zakir Həsənov - Minsk, oktyabr 2017-ci il
Aleksandr Lukaşenko və Zakir Həsənov - Minsk, oktyabr 2017-ci il

Bu məsələ Rusiyada fəaliyyət göstərən ermənipərəst şərhçiləri ciddi narahat edir. Məsələn, erməni şərhçi Leonid Nersisyan “Regnum”da yazdığı məqaləsində iddia edir ki, Azərbaycan “Polonez” ağır reaktiv yaylım atəşi sistemlərini almaqla Rusiyanın Ermənistana verdiyi “İsgəndər” raketlərini balanslaşdırmaq niyyətindədir.

Leonid Nersisyanın yazdığına görə, Belarusla Azərbaycanın bu sahədə əməkdaşlığı 2005-ci ildən başlayıb və Bakı Minskdən 153 ədəd T-72 tankı, 9 əddə “Pion” tipli özü gedən artilleriya qurğusu, 30 ədəd D-20 qaubitsası və 11 ədəd “Su-25” qırıcı təyyarəsi alıb. Yəni Leonid Nersisyan Minskin Bakıdan “Polonez”ləri əsirgəməyəcəyinə tam əmindir.        

Əslində, taktiki baxımdan “Polonez” ağır reaktiv yaylım atəşi sistemləri “İsgəndər”lərdən daha əlverişlidir. Bu raketlər 200 kilometr məsafədə 8 hədəfi eyni vaxtda vurmağa imkan yaradır. Bu raketlər sahəsi 100 kilometr (10 km x 10 km ) olan kvadrat daxilində hədəfi eyni anda məhv etməyə imkan yaradır. Raketlər 280 kilometrə qədər uça bilirlər, 20-280 km aralığında hədəfi vura bilirdər. Diametri 37 sm olan raketlər özləri ilə 200 kiloqramlıq partlayıcı hissə aparırlar. Tam avtomatlaşdırılmış raketlər əksər hədəfləri məhv edirlər.

Belarus bu raketləri NATO “Patriot”larını zərərsizləşdirmək üçün Polşa ilə sərhədə düzür. Amma bununla belə, Azərbaycanın onları “İsgəndər”ləri balanslaşdırmaq üçün alması barədə səsləndirilən iddialar məntiqsizdir.

Birincisi,  Azərbaycan Ermənistanda yerləşdirilmiş “İsgəndər”lərə qarşı İsrail istehsalı olan “Dəmir Qübbə” raket komplekslərini alıb, Gəncə və Bakı şəhərlərinə yerləşdiriləcək. İkincisi, Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, hazırda KTMT baş katibi vəzifəsini tutan Yuri Xaçaturov erməni jurnalistlərlə söhbətində dolayısı ilə vurğulayıb ki, Ermənistandakı bəzi hücum silahları, o cümlədən “İsgəndər” raketlərini yalnız Rusiya hərbçiləri istifadə edə bilərlər. Təsadüfi deyil ki, oktyabrın 9-da Ermənistanda başlamış hərbi təlimlərə Rusiyanın Cənubi hərbi dairəsi rəhbərlik edir.

“Polonez” ağır reaktiv yaylım atəşi sistemləri hücum təyinatlıdır və Azərbaycan onları yalnız bunun üçün alır. Bu cür silahlar Azərbaycana Qarabağ münaqişəsini qısa bir müddətdə tam qələbə ilə başa çatdırmağa imkan yaradacaq.

Çingiz Rüstəmov / İstiPress