Rayon rəhbəri pandemiya dövründə görülən işlər barədə hesabat verdi

10 Avqust, 2020 16:25 | Siyasət | Baxış sayı: 102

Quba İH-də 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş videomüşavirə keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba İH başçısı Ziyəddin Əliyev ilin yarımilliyi ərzində görülən işlərlə bağlı geniş məruzə edib.

Rayon rəhbəri Qubada bütün sahələr üzrə uğur qazanıldığını qeyd edərək pandemiya dövründə görülən işlərə də toxunub. Onun sözlərinə görə, mart ayının 16-da Quba İH-də koronavirus infeksiyasına qarşı birgə mübarizə aparılmadı məqsədilə operativ qərargah yaradılıb və qərargah bu günədək dəhşətli virusla bağlı bütün müvafiq tədbirləri həyata keçirib və keçirməkdədir.

Videomüşavirədə dövlət başçısı İlham Əliyevin pandemiya müddətində aztəminatlı ailələrə və sahibkarlara göstərdiyi diqqət və qayğıdan ətraflı danışan Ziyəddin Əliyev məlumat verib ki, Qubada 11822 nəfər sakin 190 manatlıq birdəfəlik pul yardımını alıb, 80 nəfər özünüməşğulluq proqramına cəlb edilib, 1700 nəfər sahibkara dövlət dəstəyi göstərilib,aprel və may aylarında 337 nəfər ödənişli ictimai işlə təmin edilib.

Videomüşavirədə qarşıda duran vəzifələr də geniş təhlil edilib.