Prezident məmurlara xəbərdarlıq etdi: "Ən ciddi cəzalar gözləyir"

10 İyul, 2018 08:23 | Siyasət | Baxış sayı: 337
Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

"Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox"

"Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə".

İstiPress-in məlumatına görə, bunu prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. 

Onun sözlərinə görə, faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Dövlət başçısı ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalı olduğunu deyib. "Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk".

O, qeyd edib ki, inşaata sahəsində görülən işlər müsbətdir. "Ancaq, eyni zamanda, biz nəyi görürük? Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır.

Vaxtilə bəzi cinayətkarlar tərəfindən qanunsuz zəbt edilmiş yerlərdə indi parklar yaradılır. Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində vaxtilə böyük bir ərazi zəbt edilmişdi, istifadəsiz qalırdı. İndi orada böyük parklar salırıq ki, insanlar gəlib dincəlsinlər, istirahət etsinlər. Heydər Əliyev Mərkəzinin qarşısında böyük ictimai zona yaradılıb. Vaxtilə orada işləməyən, dağılmış vəziyyətdə olan zavod yerləşirdi. Yəni, biz bunu edirik. Ancaq götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək. 

Sözün əsl mənasında Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox.

Bir daha demək istəyirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir bina tikilə bilməz".