Ərdoğan: Qardaşlığımız davam edəcək

10 İyul, 2018 15:16 | Siyasət | Baxış sayı: 152
Rəcəb Tayyib Ərdoğan Bakıda
Rəcəb Tayyib Ərdoğan Bakıda

Prezident seçiləndən sonra ilk xarici rəsmi səfərini iyulun 10-da Azərbaycan Respublikasına edən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan AZƏRTAC-a və Azərbaycan Televiziyasına müsahibə verib.

İstiPress-in məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Bildiyiniz kimi, biz bu qardaşlığımızı “bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər gətirdik. Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik. Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü şəkildə çatdırmaq istəyirik.

Bu gün İlham Əliyev ilə təkbətək görüş keçirəcəyik. Sonra nümayəndə heyətləri arasında görüş olacaq. Ardınca isə mətbuata açıqlama ilə qarşımızdakı hədəflərimizi ifadə edəcəyik. Bu qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram”.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev görüş zamanı
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev görüş zamanı

14:52

İyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

İstiPress-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.  Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.