Azərbaycan Rusiyadan bu tankları almaq istəyir

10 İyun, 2018 14:48 | Siyasət | Baxış sayı: 644
Azərbaycanın almaq istədiyi "Terminator" tankları
Azərbaycanın almaq istədiyi "Terminator" tankları

Suriyada bu döyüş maşınları özünü çox yaxşı göstərib

Azərbaycan Rusiyadan BMPT-72 “Terminator-2” tanka dəstək döyüş maşınlarını almağa maraq göstərir.

İstiPress-in məlumatına görə, bu barədə “Sputnik” agentliyi Rusiyanın hərbi-sənaye kompleksindəki mənbələrə istinadən bildirib.

“Terminator-2” tanka dəstək döyüş maşınları hazırda Rusiyadan başqa təkcə Qazaxıstan ordusunun silahlanmasında yer alır. Əlcəzair bu il Rusiyadan həmin döyüş maşınlarının iri partiyasını alacaq. Azərbaycan, Peru və Suriya isə döyüş maşınlarını almağa maraq göstərir.

Rusiya artıq “Terminator-2” döyüş maşınlarını Suriyada sınaqdan keçirib. “Rostex” korporasiyasının sənaye üzrə direktoru Sergey Abramov bildirib ki, texnika özünü real döyüş şəraitində çox əla göstərib və aprel ayından başlayaraq Rusiya ordusunun silahlanmasına daxil edilir.

Habelə Abramovun sözlərinə görə, “Uralvaqonzavod” Suriya təcrübəsini nəzərə alaraq döyüş maşınlarının yeni versiyasını-“Terminator-3” ü işləyib hazırlamağa başlayıb. Məsələn, indiki döyüş maşınlarının heyəti 5 nəfərdən ibarətdirsə yeni versiyada avtomatlaşdırılmış sistemlərin sayəsində heyət üzvlərinin sayı 3 ola bilər. Bundan əlavə “Terminator-3” pilotsuz uçan aparatları, habelə mərmiləri və ən başlıcası iri çaplı top mərmilərini havada vura biləcək.