İlham Əliyev: "Koronavirus dünyada yayılıb və faciəvi nəticələrə gətirib çıxarıb"

10 Aprel, 2020 17:15 | Siyasət | Baxış sayı: 143
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezidentdən yeni dövlət dəstəyi anonsu

"Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılmış və faciəvi nəticələrə gətirib çıxarıb. Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yaxınlarına başsağlığı verir və yoluxanların tezliklə şəfa tapmasını arzulayıram". Bunu  prezident, Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev Türk Şurasının videokonfransı zamanı deyi b. 

O, qeyd edib ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. "Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır.

Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılıb. Mənim Sərəncamımla bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırılıb, bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilib. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir".

İ.Əliyev bildirib ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir.  Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib.

Dövlət başçısı yaranmış vəziyyətlə bağlı dövlətin vətəndaşlara dəstəyindən də danışıb və bildirib ki, digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır.