Paşinyanın döyüşməli olduğu üç cəbhə

10 Aprel, 2019 16:35 | Siyasət | Baxış sayı: 674
Nikol Paşinyan Qarabağda
Nikol Paşinyan Qarabağda

Anna Akopyanın “Amerikanın səsi” radiosuna verdiyi müsahibə ciddi çaxnaşma yaradıb

Ermənistan baş naziri Nikol Paşinyanı aradan götürmək istəyənlər arasında öz komandasının üzvləri də var.

İstPress-in məlumatına görə, bu nəticəyə erməni KİV-lərini və ermənipərəst Rusiya KİV-lərini təhlil etdikdən sonra gəlmək olur.

Məsələn, Rusiyada nəşr olunan “Regnum” portalında dərc olunmuş məqalədən belə anlamaq olur ki, həmin adamlardan biri müdafiə naziri David Tonyandır.  Müəllif  Stanislav Tarasov ABŞ-da erməni icması qarşısında çıxış edən David Tonoyanın “sülh üçün ərazi” prinsipinin “ərazi üçün müharibə” prinsipi ilə əvəzlənməsi barədə dediklərini çox şübhəli sayıb.

Erməni KİV-ləri Tonoyanın Paşiyanın aradan götürərək Ermənistana rəhbərliyi ələ almaq istədiyini bildirir. Hər halda, Tonoyan bir vaxtlar Qarabağ klanının potensial prezidentliyə namizədi Seyran Ohanyanın müavini olub, yəni klandaxili ierarxiya qaydasına görə  Ohanyandan sonra növbə ona çatmalı idi. İndi Ohanyan Paşinyanla əvəz olunub və Tonoyan özünə layiq olduğu yeri silahdaşı Robert Koçaryan kimi götürmək niyyətindədir. Buna görə bu cür mənasız bəyanatlarla öz şefinin işini çətinləşdirməyə çalışır.

Paşinyanın komanda daxili növbəti düşməni milli təhlükəsizlik xidmətinin başçısı Artur Vanesyandır. Erməni KİV-ləri onun Paşiyanı gözdən salan bəyanatlar verməsini yaxın münasibətdə olduğu Serj Sarkisyanın sifarişi ilə bağlayırlar.  

Vanesyanın Paşinyan üçün yaratdığı əsas problemlərdən biri Paşinyan İranda olarkən verdiyi bəyanatdır. Həmin günlərdə Azərbaycanın işğal altında olan Fizuli rayonuna gedərək bu torpaqları Azərbaycana qaytarmayacaqlarını deməsi olub. Bu, açıq aydın işğal faktının etirafı idi, həm də görüntü yaradırdı ki, Paşinyanın komandası İrandan güc alaraq eksponsionist bəyanatlar verir. Təbii ki, bu, Paşinyanın qərblə münasibətlərində ciddi problemlər yaratmaq məqsədi daşıyırdı. Həm də Qarabağ münaqişəsinin milli-azadlıq hərəkatı yox, iki dövlət arasında ərazi münaqişəsi olduğunu göstərirdi.

İrəvanda dərc olunan “politik.am” portalının yazdığına görə, Artur Vanesyan Serj Sarkisyanın dövründə Ermənistan hökumətinin kadrlar şöbəsinin rəhbəri Marqarita Azaryanın oğludur və anası bu yaxınlarda öz işini itirdi.

Erməni KİV-ləri Nikol Paşiyanı aradan götürmək istəyən üçüncü qüvvəni isə general Samvel Babayanla bağlayırlar. İrəvanda və Azərbaycanın işğal olunmuş rayonlarında görüşlər keçirən  Samvel Babayan Paşinyanın əleyhinə güclü təbliğat maşını qurub. O, Paşinyanın arvadı Anna Akopyanın “Amerikanın səsi” radiosuna verdiyi müsahibənin əleyhinə çıxış edərək, bu ailəni vətən xaini adlandırır. Akopyan Qarabağ döyüşlərində minlərlə erməni əsgərinin boş yerə həlak olduğunu bildirmişdi.