Bakıda partlamağa hazır qumbaralar aşkarlandı - FOTO

10 Fevral, 2019 10:59 | Siyasət | Baxış sayı: 138
Qumbara partlayan an - ARXİV
Qumbara partlayan an - ARXİV

Döyüş tətbiqinə yararlı olduğu aşkarlanıb

Bakıda əl qumbarası tapılıb.

İstiPress-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə şəhərin Xətai rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunublar. XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Aşkar olunmuş sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarasıdır.

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Qumbaranın tapıldığı əraziyə yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.

Daha sonra isə, fevralın 9-da Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində 1 ədəd əl qumbarası tapılıb.

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Abşeron rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası(partladıcısı və partlayıcısı olmayan) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 2,000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.