Qubada ermənilərin törətdiyi soyqırımın izləri itirilir

10 Fevral, 2018 16:38 | Siyasət | Baxış sayı: 642
Qubada 1918-ci ildə ermənilərin törətdiyi soyqırım qurbanlarının qalıqları
Qubada 1918-ci ildə ermənilərin törətdiyi soyqırım qurbanlarının qalıqları

Məzarlığı açmış alim həyəcan təbili çalır

Qubada ermənilərin 1918-ci ildə törətdiyi soyqırımın qurbanlarının məzarlığındakı açıq sümüklər torpağa basdırıldı.

İstiPress-in şimal bürosuna Quba məzarlığının tədqiqatçısı, Azərbaycan Milli EA-nın Arxeologiya İnstitutunun aparıcı elmi mütəxəssisi Qəhrəman Ağayev bununla bağlı öz narahatçılığını yazılı şəkildə təqdim edib. Arxeoloq alimin fikrini olduğu kimi təqdim edirik:

"Quba soyqırım məzarlığı basdırılır.  2007-ci ilin aprel ayında təsadüfən aşkar edilən və böyük əziyyətlər hesabına tədqiq edilərək dünya ictimaiyyətinə nümayiş etdirilən Quba soyqırım  məzarlığı 11 ildən sonra torpaq altına basdırılır. Axı, 2009-cu ilin sentyabr ayının 18-də cənab prezident Quba məzarlığını ilk dəfə ziyarət edəndə məzarlığın şüşə örtük altında saxlanılması ideyasını bəyənmişdi.

Ulu öndər Heydər Əliyevin xüsusi sərəncamı ilə 31 mart - azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Nəyə görə məhz bu gün-mart ayının 31-nin 100 illiyi anılacağı  bir zaman, azərbaycanlıların soyqırımı günü ərəfəsində məzarlıq torpaq altına basdırılır? Axı, ermənilərə göz dağı olan, onların vəhşiliklərinin, murdar sifətlərinin, türk xalqlarına və ümumiyyətlə, müsəlmanlara qarşı törətdikləri acı cinayətlərinin yeganə canlı sübutu olan bu məzarlıq nəyə görə torpaq altına basdırılmalıdır?!

Məzarlığın yanında Heydər Əliyev Fondu tərəfindən memorial soyqırım kompleksi tikilməklə, bir-birini tamamlayan möhtəşəm  Quba soyqırımı memorial kompleksi yaradılmışdır.  Erməni vəhşiliklərini, onların murdar cinayət və siyasətlərini dünya  ictimaiyyətinə daha qabarıq halda nümayiş etdirən, soyqırım memorial kompleksinin əsas hissəsi olan torpaq altından çıxarılan məzarlıq yenidən torpağa nəyə görə basdırılmalıdır?!...

11 ildir həm yerli, həm də xarici qonaqlar bu məzarlığı olduğu kimi ziyarət ediblər.İkinci dəfə bu məzarlığı ziyarət etməyə gələn həmin insanlar bu acınacaqlı vəziyyəti görsələr, nə fikirləşəcəklər?!...

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bərpaçılıq İnstitutu məzarlığın germetik şüşə altında saxlanılması və Memorial komplekslə məzarlıq arasındakı boşluğun aradan qaldırılması üçün xüsusi layihə hazırlamışdı. Hətta, deformasiyanın qarşısını almaq üçün məzarlıqdan müəyyən  miqdarda sümüklər təcrübə üçün AMEA-nin Fizika İnstitutuna da verilmişdi və nəticəsi də müsbət olmuşdu. Quba məzarlığı ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında Nazirlər Kabinetinin, Mədəniyyət Nazirliyinin, Respublika Layihə İnstitutunun, Fövqalədə Hallar Nazirliyinin ayrı-ayrı qurumlarının və Elmlər Akademiyasının müvafiq institutlarının iştirakı ilə dəfələrlə müşavirələr keçirilmiş və müəyyən işlər görülmüşdü. Müşavirə iştirakçıları Quba məzarlığının bir mənalı olaraq şüşə örtük altında saxlanılmasının tərəfdarı olmuşdular. Belə olacağı təqdirdə bütün bu işlər nəyə lazım idi?!...
Hələ AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məzarlıqda tədqiqat işləri aparan müddətdə dəfələrlə telefon zənglərinə cavab verdiyimiz erməni millətçiləri, Quba məzarlığında ermənilərin basdırıldığını demiş və vaxtı gələndə bizə sübut edəcəklərini də iddia etmişdilər.  İndi onların bu iddiaları qətiyyətlə demələrinin vaxtı gəlib çatmışdır.

Mən şəxsən yuxarıda qeyd etdiklərimi nəzərə almaqla məzarlığın torpaq altına basdırılmasının qəti  əleyhinəyəm.b Buna görə də bu haqsız qərarın ləğv edilməsini, aidiyyatı təşkilatlardan xahiş etməklə, Vətənini, Xalqını, Dövlətini sevən hər bir Azərbaycan vətəndaşından bu işdə dəstək olmalarını xahiş edirəm.

Son 30 ildir ki, ermənilərlə münaqişə və müharibə şəraitində yaşayırıq. Belə bir şəraitdə olduğumuz vaxtda həm tarixi, həm də böyük siyasi əhəmiyyəti olan Quba məzarlığının torpaq altına basdırılması ən azından böyük bir cinayətdir.

Quba soyqırım məzarlığının tədqiqatçısı, AMEA Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşı Qəhrəman Ağayev". 

Arxeoloq alimin bu həyəcan təbili çalmasından sonra Quba soyqırım memorial kompleksinin direktoru Rəxşəndə Bayramova ilə əlaqə saxladıq. Rəxşəndə Bayramova bu barədə məlumatsız olduğunu dedi. Əslində, Qəhrəman Ağayevə məzarlıqdakı sümüklərin ilk basdırılması xəbərini Rəxşəndə Bayramovanın özü məlumat verib, mətbuata isə açıqlamaq istəməyib.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov isə sorğumuza cavab olaraq bildirib ki, Quba məzarlığı ilə əlaqədar yaradılmış işçi komissiyanın üzvləri müvafiq iş aparır, bir neçə variant üzərində müzakirələr gedir.