Ermənilərin Qarabağı qaytarmasının ən yeni variantı

10 Fevral, 2018 17:59 | Siyasət | Baxış sayı: 1559
Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra

Rus KİV-ləri ağlagəlməz versiya irəli sürdülər

Prezident İlham Əliyev Roma papası Fransiskin Bakıya sabah nəzərdə tutulan səfəri çərçivəsində onun nümayəndəsi, arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İstiPress-in məlumatına görə, Bakıda sabaha nəzərdə tutulan bu tarixi görüş Azərbaycanın bədhaxlarında, xüsusilə də ermənipərəst KİV-lərdə narahatçılıq və qısqanclıq oyadıb. Onlar məkrli yazılarla sox kiçik katolik icmasına malik Azərbaycana 2016-cı ildən bu yana ikinci dəfə səfər etməsində sətiraltı mənalar axtarırlar.

Məsələn, Rusiyanın ermənipərəst “Regnum” portalı Roma papasının bu səfərini Azərbaycanı türk və islam aləmindən qoparmaq niyyəti kimi təqdim etməyə çalışır. Portal məsələyə həsr etdiyi məqalədə Roma papası I Fransiskin fərmanı ilə Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinə, sabah bununla bağlı keçirilən mərasimə Vatikanın 40 yüksək çinli diplomatının qatılacağına xüsusi diqqət yetirib. Arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyətinə Avstriya, Slovakiya, Gürcüstan və Rusiyadan yepiskoplar və arxiyepiskoplar daxil olub.

Müəllif Vladimir Feketenin Azərbaycanda barədə söylədiyi sözləri xüsusilə qabardıb. Feketa keçən ilin may ayında çalışdığı ölkə barədə demişdi: “Azərbaycanda on milyona yaxın insan yaşayır. Onların 90 faizi müsəlmanlardır. Ancaq Azərbaycanda islam terror qrupları ilə heç bir əlaqəyə malik deyil, o, mötədildir və başqa  dinlərə dözümlü yanaşır”.

İstənilən xristian və ya qeyri-müsəlman üçün çox xoş olan bu sözlər nədənsə məqalə müəllifi Stanislav Stremidlovski tərəfindən tamamilə fərqli yönümdə yozulur.  Məqalədə deyilir: “Bakı Qərbə və xüsusilə Avropa Birliyinə Türkiyədən daha yaxındır. Vatikan ona yardım edərək Azərbaycanı bunula Türkiyədən uzaqlaşmağa meylləndirə bilər. Müqəddəs Taxt-Tac Bakıdan nəhayət İrəvanla barışmağı və əvəzində erməni soyqırımını tanımağı, yaxud onun inkarında Türkiyəyə həmrəylik göstərməməyi xahiş edə bilər. Əgər Müqəddəs Taxt-Tac Acərbaycana öz “şiə İran köklərini” xatırlatsa, onu Ankara ilə fərqli bucaqlara ayıra bilər, onun xarici siyasətində Avropa istiqamətini gücləndirər - bu, yalnız Katolik kilsəsi üçün deyil, həm Ermənistan üçün, ola bilər ki, həm də İran üçün müsbət nəticələr verə bilər. Yalnız Türkiyə uduza bilər. Rusiyaya gəldikdə isə, yada salmaq lazımdır ki, Vatikan spesifik də olsa, Qərbdir.  Qərbin öz, Rusiyanın maraqlarından fərqli maraqları var”.

Yetirəncə, obrazlı dillə yazılmış bu sözləri sadə dilə çevirdikdə,  bu, o deməkdir ki, Vatikan Ermənistanı işğal edilmiş ərazilərdən çıxmağa razı salır, Azərbaycan isə bunun əvəzində Türkiyədən erməni soyqırımını tanımağı tələb edir. Yəni ermənipərəst rus portalının müəllifi Vatikanın indiyə kimi fantastik görünən, amma tarixən mövcud olmuş Səfəvi - Osmanlı düşmənçiliyinə bənzər Türkiyə - Azərbaycan münasibətlərini xortladacağını iddia edir.

Nə qədər ağıllı görünsə də, bu, hadislərin çağdaş cərəyanına heç cür uyğun gəlməyən iddiadır. Məsələ bundadır ki, Azərbaycan - Vatikan yaxınlaşması Türkiyə - Vatikan yaxınlaşmasına paralel şəkildə gedir. Belə ki, fevralın 5-də Rəcəb Tayyib Ərdoğan son 60 ildə ilk türk lideri kimi Vatikana səfər edib. Yəni Vatikan heç də müasir dövrü Osmanlının və Səfəvinin paralel supergüclər olaraq rəqabət apardığı orta əsrlərlə eyniləşdirməz.

Müasir dövrün supergücləri fərqlidir və onların maraqları Türkiyə və Azərbaycanın yerləşdiyi Yaxın Şərq bölgəsində toqquşur. Ankara və Bakı məhz bu baxımdan da “bir millət iki dövlət” prinsipi ilə yaşamağa məcburdurlar. Bir də ki, Rusiyanın icazəsi olmadan Ermənistan həmin torpaqları necə qaytara bilər? Məqalə müəllifi Ermənistanın diplomatik və hərbi səlahiyyətlərini üç ildir ki, Rusiyaya təhvil verdiyini  sanki unudub.