Vahid Mustafayev: "Şadam, həm də məyusam"

10 Yanvar, 2020 19:32 | Siyasət | Baxış sayı: 1082
Vahid Mustafayev - ANS Şirkətlər Qrupunun prezidenti
Vahid Mustafayev - ANS Şirkətlər Qrupunun prezidenti

"İctimaiyyətin, ziyalıların köməyi ilə ANS ÇM - 102 FM tezliyini qorumağı bacardıq"

"Milli Tele Radio Şurasının Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adına olan radiotezliyin satılması ilə bağlı əvvəlcədən elan edilmiş tenderin ləğvi barədə qərarı ilə bağlı ikili hiss keçiririk."

İstiPress-in məlumatına görə, bunu haqqin.az-a Milli Qəhrəmanın qardaşı, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev bildirib.

"Əlbəttə, müsabiqənin son anda ləğvi bizi məyus etdi, yəni biz Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın işini bərpa edə bilmədik. Lakin digər tərəfdən biz Çingiz Mustafayevin tarixi xatirəsinin və onun adını daşıyan əfsanəvi radiostansiyanın müdafiəsinə qalxan, bununla bağlı ölkə rəhbərliyinə müraciət edən ictimaiyyətin, ziyalıların ən yaxşı nümayəndələrinin köməyi ilə ANS ÇM - 102 FM tezliyini qorumağı bacardıq.

Bu, sevindirici haldır. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva başda olmaqla bu işə laqeyd qalmayan bütün insanlara Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə həssaslıqla yanaşdıqlarına və bəzi qüvvələrin ölkə tarixinə ləkə salmasına icazə vermədiklərinə görə ürəkdən təşəkkür etmək istəyirik",- deyə Vahid Mustafayev vurğulayıb.

Eyni zamanda, Çingiz Mustafayev adına radiostansiyasının yaradıcılarından biri, Milli Qəhrəmanın digər qardaşı, tanınmış jurnalist Seyfulla Mustafayev bildirib ki, əfsanəvi radiostansiyanın işini bərpa etmək üçün geri çəkilməyəcəklər.  

“Bəli, əlbəttə ki, buna nail olacağıq. Axı Azərbaycanda yayım sahəsində 30 illik təcrübəyə sahib olan neçə mütəxəssis var? Qeyd etmək lazımdır ki, müsabiqə zamanı Milli TeleRadio Şurası bir daha əmin oldu ki, radiostansiyanın işini bərpa etmək üçün bizim həm texniki, həm də yaradıcılıq imkanlarımız var və kifayət qədərdir!", - deyə Seyfulla Mustafayev bildirib.