Prezident ən yeni silah-sursatlara baxdı FOTO

10 Yanvar, 2019 10:54 | Siyasət | Baxış sayı: 355
Prezident "Tufan"da
Prezident "Tufan"da

Onların arasında PUA-lar, tank əleyhinə idarə olunan raketlər, lazer hədəf tuşlama sistemləri və s var

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş gəminin təqdimatı olub.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də “Tufan” tipli sərhəd gözətçi gəmisi, döyüş texnikası və silah-sursatla tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

“Savalan” tipli müasir sərhəd gözətçi gəmisinin layihəsi, həmçinin “Milli Boat” proqramı çərçivəsində yeni itisürətli üzmə vasitələri, yedək gəmiləri təqdim olunub.

Prezident sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən videoçarxa baxıb. Sonra ona yeni xüsusi təyinatlı döyüş texnikası və silah-sursat, pilotsuz uçan aparatlar, tank əleyhinə idarə olunan raketlər, lazer hədəf tuşlama sistemləri, termal müşahidə cihazları təqdim olundu. Bu döyüş texnikası və silah-sursat dünyanın ən aparıcı ölkələrinin məhsullarıdır.

Dövlət başçısına mobil qida maşınlarının istehsalı, sərhəd gözətçi katerlərin təmiri üçün nəzərdə tutulmuş texnika nümayiş olunub. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində xidmətin istifadəsində olan üzmə vasitələrinin, o cümlədən gəmilərin inşası və təmirini yüksək səviyyədə aparmaq üçün müasir qurğular quraşdırılıb.

Sonra dövlətimizin başçısı “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən il aprelin 30-da təməlini qoyduğu və qısa müddətdə inşası yekunlaşdırılmış yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq.