Azərbaycan əsgərinin meyitindən qorxan Sarkisyan

10 Yanvar, 2017 17:07 | Siyasət | Baxış sayı: 468
Serj Sarkisyan Qarabağda
Serj Sarkisyan Qarabağda

Dekabrın 29-u səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Çingiz Qurbanovun meyiti hələ də qaytarılmayıb. Çingiz Qurbanovun meyitinin geri qaytarılması üçün Müdafiə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna və digər təşkilatlara müraciət etsə də hələlik bir nəticə yoxdur.

ATƏT-in Minsk qrupunun həmsədrləri
ATƏT-in Minsk qrupunun həmsədrləri

Məsələ ilə bağlı 10-gündən çox bir vaxt keçdikdən sonra ATƏT-in Minsk qrupu gecikmiş bəyanat da yaydı. “Həmsədrlər 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçinin qalıqlarını vətəninə qaytarmağa çağırır. Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq. Atəşkəsin pozulması qəbuledilməzdir və tərəflərin gücdən istifadə etməmək barədə tam məsuliyyət daşıdıqları öhdəliklərə ziddir. Həmsədrlər Ermənistan və Azərbaycanı Vyana və Sankt Peterburq görüşlərində əldə edilmiş razılaşmalara ciddi riayət etməyə çağırır”.

Elə isə sual doğurur. Ermənistan niyə meyiti qaytarmır? Əgər Azərbaycan ordusunun hərbi qulluqçusu sağ götürülsəydi o zaman ondan müəyyən kəşfiyyat sirləri əldə etmək məqsədilə saxlanıldığını başa düşmək olardı. Cansız bir meyitin 10 gündən artıqdır qaytarılmaması ilə Sarkisyan hakimiyyəti ancaq özünə müəyyən xallar qazandırmağa çalışır. Çünki 2017-ci il aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Sarkisyanın seçkiləri 2 aprel tarixinə təyin etməsi də təsadüf deyil. Bu tarixdə 2016-cı il aprel döyüşlərinin 1 ili tamam olur.  

Politoloq Tofiq Abbasov hesab edir ki, Ermənistanın əsas məqsədi işğal etdiyi torpaqlaradakı hakimiyyətini danışıqlardan uzaq durmaqla, humanistlikdən qaçmaqla “möhkəmləndirməkdir” , vaxt qazanmaqdır.

“Son vaxtlar xüsusilə də aprel döyüşlərindən sonra Ermənistan ciddi cəhdlə çalışır ki, bu qarşıdurmada özünü dominant tərəf kimi qələmə verməyə çalışır. Bu baxımdan da onlar qadağan olunmuş qaydalara daha çox istinad edirlər o cümlədən də humanistlikdən, insanlıqdan, qonşuluq siyasətindən uzaq olmalarını bir daha göz önünə gətirirlər. Və bununla da onlar sadəcə özlərini ifşa edirlər. Göstərirlər ki, əgər hər hansı bir kövrək “barışıq körpüləri” varsa da onu dağıdırlar, eləcə də dözülməz şərait yaratmağa çalışırlar. Əlbəttə ki, bu adi haldır. Çünki 20 ildən artıqdır ki, müvəqqəti sülh rejimi davam edir və nisbi barışıq var, ancaq müharibə davam edir. Hər iki tərəf itki verir. Və bu adi qəbul olunmuş qaydadır ki, əgər meyitlər hər hansı bir tərəfdə qalırsa danışıqlar vasitəsilə, humanitar təşkilatların iştirakı ilə məsələ çözülür və meyitlər qarşı tərəfə verilir. Bu halda isə Ermənistan arqumentsizdir deyə belə bir addım atır. Qoşunları Qarabağdan çıxarmamaqdan ötrü, işğalı qanuniləşdirməkdən ötrü bu yolu seçib. Bu meyitin qaytarılmaması həmin dağıdıcı planın bir hissəsidir. bu həm də bilərəkdən təxribata getməkdi və heç də istisna etmək olmaz ki, bu gün, sabah yenidən bölgədə genişmiqyaslı müharibə başlasın. Bu ehtimal getdikcə daha çox artır”.

Politoloq Tofiq Abbasov
Politoloq Tofiq Abbasov

Keçmiş diplomat Fikrət Sadıxovun fikrincə, Ermənistan hakimiyyəti ələ düşən bütün fürsətlərdə Azərbaycanı təcavüzkar kimi təqdim etməyə çalışır. O, buna qədər girovlarımıza diversant damğası vurulması misalında da bunu aydın görüldüyünü deyir. Onlar adi insanlar tutub saxta məhkəmə qururlar guya kəşfiyyatçıdılar. Halbuki onlar öz ata-babalarının məzarlarını ziyarət etməyə gediblər o torpaqlara.

Əsas məqsəd dünya ölkələrinin diqqətini bu məsələyə cəlb etmək. Görürsünüz Ermənistan “dinc” ölkədir , “dinc” xalqdır, atəşkəsi “pozmur”, danışıqlarda iştirak etməyə “hazırdı” amma Azərbaycan əsgəri buna “maneçilik törədir”. Və bu da “sübut”. Azərbaycan əsgəri Ermənistana qarşı “təxribatlarla məşğuldur” , “zərbələr endirir” , “hücum edir” və s.

O öz daxili auditoriyasına da , erməni ictimaiyyətinə çatdırmaq istəyir ki, bax görürsünüz biz vuruşuruq, sizi müdafiə edirik, biz erməni xalqının maraqlarında durmuşuq və bu da “sübut”. Azərbaycan əsgəri bizə qarşı hücum edib və biz də müdafə olunaraq əsgəri öldürmüşük. Biz sizi qoruyan bir hakimiyyətik, siz bizə səs verməlisiniz, bizə arxalanmalısınız və bizi dəstəkləməlisiniz".

Politoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov

Digər maraq doğuran məsələrdən biri də budur ki, sülh danışıqlarında maraqlı olduğunu deyən nə Rusiya, nə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, nə Avropa Şurası nə də digər iri dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycan əsgərinin meyitinin qaytarılmaması ilə ilə bağlı məsələyə heç bir münasibət bildirməyiblər və təbii olaraq Ermənistan da bundan sui-istifadə etməkdə davam edir. 

Elgiz Nəbili