ATƏT-in Minsk Qrupunun həmsədrlərindən çağırış

10 Yanvar, 2017 00:43 | Siyasət | Baxış sayı: 26
Həmsədrlər Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb
Həmsədrlər Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb

"İnsident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyiti dərhal vətəninə qaytarılsın"

Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb.

İstiPress xəbər verir ki, bu barədə Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları həmsədrlərinin bəyanatında deyilir.

İqor Popov, Stefan Viskonti və Riçard Hoqlandın birgə bəyanatında deyilir: “Həmsədrlər 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçinin qalıqlarını vətəninə qaytarmağa çağırır. Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq. Atəşkəsin pozulması qəbuledilməzdir və tərəflərin gücdən istifadə etməmək barədə tam məsuliyyət daşıdıqları öhdəliklərə ziddir. Həmsədrlər Ermənistan və Azərbaycanı Vyana və Sankt Peterburq görüşlərində əldə edilmiş razılaşmalara ciddi riayət etməyə çağırır”. 

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər.