Əgər Azərbaycan qərar veribsə... - Litva jurnalisti yazır

09 Oktyabr, 2020 10:29 | Siyasət | Baxış sayı: 112

Litvalı jurnalist Gintaras Visotskasın Dağlıq Qarabağ münaqişəsi barədə köşə yazısı dərc olunub.

İstiPress-in məlumatına görə, müəllifin yazısı "slaptai.lt" portalında yayımlanıb.

Jurnalist yazıda Avropa KİV-in Azərbaycan Ordusunun Qarabağdakı hərbi əməliyyatlarına emosional reaksiya verdiyini, Ermənistanın Gəncə və Tərtərdə mülki insanları hədəfə alması barədə isə bu tendensiyanı görmədiyini qeyd edir.

Azərbaycanın aqressor kimi qələmə verilməsini tənqid edən yazar Gəncə və Tərtərin beynəlxalq aləm tərəfindən Azərbaycan əraziləri kimi tanındığını və bura edilən hücumlarla Azərbaycanın Qarabağdakı əməliyyatlarını ayırd etmək lazım olduğunu vurğulayır.

Müəllif qeyd edir ki, Ermənistan Gəncə və Tərtərə raket zərbələri endirməklə başqa ölkənin ərazisinə hücum etmiş olur:

"Azərbaycan isə Qarabağda öz ərazilərini bombalayır. Hətta hazırda Qarabağda yaşayan mülki erməni əhalisi də gözəl bilir ki, Ermənistan da daxil olmaqla, dünya bu ərazilərdə qurulmuş rejimi tanımır və onlar hazırda etnik separatizmlə məşğuldurlar. Onların "paytaxt" elan edib "Stepanakert" adlandırdıqları şəhərin əsl adı Xankəndidir və bu ad burada bir zamanlar azərbaycanlıların tarixi dövləti - müsəlman Qarabağ xanlığının mövcud olduğunu xatırladır".

Danışıqlar və münaqişənin dinc yolla həllinə də toxunan G.Visotskas bu prosesin əbədi davam edə bilməyəcəyini ifadə edir:

"Əgər Azərbaycan qərar veribsə ki, Qərbin Ermənistan qoşunlarını Qarabağdan çıxmağa məcbur etməsini daha çox gözləyə bilməz, buna hörmət etmək lazımdır. Çünki Azərbaycanın belə bir hüququ var. Bu vaxta qədər Qərbin Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün Ermənistana təzyiq etməyə xeyli vaxtı olub".

Ötən əsrin 20-ci illərində Litvanın Klaypeda bölgəsinin fransız-polyak qüvvələri tərəfindən işğal edilməsini xatırlayan jurnalist Qarabağ və Klaypeda müharibələri arasında bəzi paralellər aparır. Litva döyüşçülərinin Klaypedanı necə azad etməsi barədə yazan müəllif Azərbaycanın da Qarabağı azad etməyə haqqı olduğunu vurğulayır.