Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq planı imzalandı

09 Oktyabr, 2017 17:05 | Siyasət | Baxış sayı: 70
Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı
Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı

Müdafiə naziri Zakir Həsənov Belarusda səfərdədir

Belarusda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 9-da bu ölkənin müdafiə naziri, general-leytenant Andrey Ravkovla görüşüb.

Nazirlikdən İstiPress-ə bildirilib ki, rəsmi qarşılanma mərasimindən sonra müdafiə nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşlərində tərəflər ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, hərbi ekspertlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Görüşün yekununda nazirlər Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2018-ci il üçün əməkdaşlıq planını imzalayıb.