Bələdiyyə sədrinə qarşı cinayət işi açıldı

09 Sentyabr, 2020 13:24 | Siyasət | Baxış sayı: 23
Rüşvət üstə həbs
Rüşvət üstə həbs

Lənkəran rayonu Xanbulan bələdiyyəsinin sədri işləyən Kazım Məmmədovun  qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb.

İstiPress-in məlumatına görə, rayon prokurorluğundan bildirilib ki, araşdırmalarla Kazım Məmmədovun 2019-cu ilin sentyabr ayında bələdiyyə sədri  xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinin Teymur Şahbazovun adına sənədləşdirilməsini öz üzərinə götürərək, bunun müqabilində sonuncudan 3 min manat məbləğində pul vəsaitini alıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib imzası və sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq etməsi nəticəsində Teymur Şahbazovun hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin  308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.