İlham Əliyev "bükülmüş xalça"da FOTOLAR

09 Sentyabr, 2017 14:55 | Siyasət | Baxış sayı: 454
Prezident sərgidə
Prezident sərgidə

Prezident “EXPO 2017”də Azərbaycan pavilyonunu gəzib

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub. “EXPO 2017 Astana” milli şirkətinin rəhbəri Axmetjan Yessimov Prezident İlham Əliyevə sərgi barədə məlumat verib.

Bildirilib ki, iyunun 10-da açılan sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat təmsil olunur. “EXPO 2017 Astana” beynəlxalq sərgisinin ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya, Çin kimi ölkələrdən sonra Qazaxıstanda keçirilməsi enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişafına, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə imkan yaradır. Ümumi sahəsi 174 hektar olan sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə ən son ixtiralar, yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş etdirilir.

Dövlət başçısı əvvəlcə “Azərbaycan - Enerji Yurdu (Azerbaijan Land of Energy) milli pavilyonu ilə tanış olub. Azərbaycan pavilyonu “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanıb. Milli pavilyonun konsepsiyası “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanır.

Milli pavilyonda Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq idman yarışlarını əks etdirən film nümayiş olunur. Pavilyonda ziyarətçilərə Azərbaycanın tarixi-mədəni irsi, zəngin enerji potensialı, gələcək enerji mənzərəsi və dövlətimizin enerji siyasəti yüksək texnologiyalar vasitəsilə təqdim olunur. Üç hissədən ibarət pavilyonun giriş zalının dizaynı bükülmüş xalça formasındadır.

Pavilyonda Azərbaycana virtual tur-səyahət də nəzərdə tutulub. İzləyicilər real xalça üzərində əyləşir, milli çalarlı musiqinin müşayiəti ilə 220 dərəcə bucaq altında əyilmiş videoproyeksiya vasitəsilə odlar və enerji yurduna fantastik uçuş edir, ölkənin rəngarəng mənzərələri ilə tanış olurlar. 

Dövlət başçısı sonra Qazaxıstan milli pavilyonu - “Nur Alem” ilə tanış oldu. Qeyd edildi ki, sərginin ən böyük pavilyonu olan səkkizmərtəbəli “Nur Alem” pavilyonunun ümumi sahəsi 41,5 min kvadratmetrdir. Nəhəng kürə formasında hazırlanan pavilyonun hündürlüyü 100, diametri isə 80 metrdir.

O “Nur Alem” pavilyonunun səkkizinci mərtəbəsindən Astana şəhərinin ümumi mənzərəsini seyr edib.