Azərbaycan üçün Çingiz dövrü

09 Sentyabr, 2017 11:31 | Siyasət | Baxış sayı: 453
Çingiz Mustafayev - Milli Qəhrəman
Çingiz Mustafayev - Milli Qəhrəman

Milli mətbuat Milli Qəhrəmanı unutmadığını sübut etdi

Tanınmış jurnalist Asif Mərzilinin saatında Milli Qəhrəman Çingiz Mustafayevin ad günü xüsusi qeyd olunub.

“Hər dəfə avqustun 29-unda saatım bunu mənə xatırladır. Bunu ona görə etmişəm ki, həmin gün  Çingiz Mustafayevin  Azərbaycanın istiqlalı uğrunda canından keçməsini bir daha xatırlayım”,- deyə Asif Mərzili Çingiz Mustafayevin anım gününə toplanmış jurnalistlərlə söhbəti zamanı bildirib.

İyirmiyə yaxın populyar KİV təmsilçilərinin iştirak etdiyi tədbirə qatılmış tanınmış jurnalist Eynulla Fətulalyev isə Çingiz Mustafayev barədə esse yazdığını və yaxın günlərdə tamamlayaraq nəşr etdirəcəyini bildirib. O, Azərbaycanın ilk müstəqillik illərinin bir növ Çingiz Mustafayev dövrü olduğunu söyləyib:

“O elə zamanlar idi ki, həmin dövrü Çingiz Mustafayevsiz, ANS-siz təsəvvür etmək olmazdı. Biz 14-15 yaşlı yeniyetmələr idik. Çingiz bütün Azərbaycanı Qarabağa döyüşlərə dəvət edirdi. Valideynlərimiz bizi döyüşə getməkdən güclə saxlayırdılar”. 

Tədbirə Çingiz Mustafayevin dostları və qələm yoldaşları qatılmışdılar. Qarabağ qazisi, tanınmış jurnalist Nurəddin Xoca gənclik çağlarından Çingizi tanıdığını və dost olduqlarını söylədi:

“Çingiz Qarabağa getməyə də bilərdi, işi-gücü, vəzifəsi və hörməti vardı. Amma o, hər şeyi atdı və Qarabağa getdi. Çingizlər şəhid olmasa idi, indiki Azərbaycan da olmazdı”.

Çingiz Mustafayevi anım axşamı
Çingiz Mustafayevi anım axşamı

Çingiz Mustafayevin dostu və qələm yoldaşı Mir Şahin isə onun şəhadətinə xüsusi qiymət verdi: “Mənim fikrimcə, Çingizin həyatını iki dövrə bölmək olar - şəhadətinə qədər və şəhadətindən sonra. Əgər şəhadətinə qədər Çingizi öldürmək mümkün idisə, şəhadəti ilə o, ölməzliyini qazandı”. 

Çingiz Mustafayevi anım axşamı
Çingiz Mustafayevi anım axşamı

Əslində, Azərbaycanda hər kəsin yaddaşında bir Çingiz obrazı var. 80-ci illərdə onu yaxından tanıyanların gözündə o, həmin dövrdə Azərbaycanın bütün lider gənclərinə xas olan özəlliklərə malik idi - cürətli, vüqarlı, savadlı, istedadlı və populyar idi.  Sonradan Azərbaycanın çətin günündə Çingizin ortaya çıxaraq milləti döyüşlərə səsləməsi də o vaxt təbii qarşılandı. Çünki xalqın ümidi də elə həmin lider gənclərə idi. Həmin gənclər döyüşə getdilər və qəhrəmanca şəhid oldular ki, bu günkü Azərbaycan yaşasın. 

Çingiz Mustafayevin atası Fuad Mustafayev və dostu Rasim İmanov (soldan sağa)
Çingiz Mustafayevin atası Fuad Mustafayev və dostu Rasim İmanov (soldan sağa)
Çingiz Mustafayevin qardaşı Vahid Mustafayevin və atası Fuad Mustafayevin çıxışı

Təbii ki, elə Çingiz Mustafayevin timsalında Azərbaycan xalqı həmin gəncləri unutmadığını bir daha sübut etdi. Bu məqam Milli Qəhrəmanın atası, Çingiz Mustafayev Fondunun prezidenti Fuad Mustafayevin də, qardaşı Vahid Mustafayevin də çıxışında xüsusi vurğulandı. Başqa cür də ola bilməzdi - Azərbaycan bizlər üçün hansısa bir sərhədlər arasında ayrılmış ərazi deyil, hər qarışı Çingiz kimi şəhidlərin qanı ilə yoğrulmuş Vətəndir. Azərbaycan durduqca, Çingiz kimi oğullar da unudulmayacaq.

Çingiz Rüstəmov / İstiPress