Rusiya Azərbaycanın dənizə düşən MiQ-29-u və pilotunu axtaracaq

09 Avqust, 2019 09:09 | Siyasət | Baxış sayı: 30
MiQ-29
MiQ-29

Axtarış sabahdan başlamalıdır

Rusiyanın Xəzər donanmasının axtarış-xilas etmə dəstəsinin mütəxəssisləri Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər dənizində qəzaya uğramış MiQ-29 qırıcısının axtarışları üçün göndərilib. Bu  barədə məlumatı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

“50 nəfərlik axtarış dəstəsinin tərkibində “Anatoli Qujvin” kiçik hidroqrafiya gəmisi, “SB-45” xilasetmə-yedək gəmisi, çoxməqsədli mobil “MMK-1-100” kompleksi yer alır. Axtarış tədbirlərinə teleidarəetməli “Falkon” sualtı aparatını, “Super QNOM Pro” teleidarəetməli sualtı baxış aparatını və “Tayger” pilotsuz sualtı aparatını cəlb etmək planlaşdırılır”.

Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin nümayəndəsi bildirir ki, təxmini axtarış rayonunun sahəsi 600 kvadratkilometrdən çoxdur, suyun dərinliyi isə 40 metrə çatır. 

Xatırladaq ki, MiQ-29 qırıcısı iyulun 24-də axşam saat 22.00 radələrində təlim-məşq uçuşları zamanı Xəzər akvatoriyası üzərində radarlardan itib. Təyyarə Azərbaycanın ərazi sularında qəzaya uğrayıb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur.

Azərbaycan Türkiyədən kömək istəyib, Türkiyə Müdafiə Nazirliyinin xüsusi təyinatlı dalğıcları axtarışlar üçün göndərilib. Lakin onların apardıqları axtarışlar da nəticə verməyib.