Avropanın məşhur qatili Ermənistanda qəhrəmana çevrildi

09 Avqust, 2019 17:18 | Siyasət | Baxış sayı: 261

Anders Breyvik erməni rəssam Maksim Gikinyanı ruhlandırıb

Norveçli terrorçu, 80-ə yaxın günahsız adamı güllələyən Anders Breyvik erməni rəssam Maksim Gikinyanı ruhlandırıb. Və o terrorçunun Ermənistan bayrağı fonunda rəsmini çəkərək sərgiyə çıxarıb.

İstiPress-in məlumatına görə, Terlemezyan adına rəssamlıq məktəbini 40 il əvvəl bitirmiş yeddi rəssamın əsərlərindən ibarət “Terlemezyan xatirələri” adlı sərgidə həmin əsər nümayiş etdirilib və sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.

Lakin rəssam deyir ki, Breyviki Ermənistan bayrağı fonunda çəkməklə pis nəsə etməyib. Çünki terrorçu qətliam törədəndə “Ermənistana eşq olsun” ifadəsini işlətmişdi. “Mən cinayət törətməmişəm, terrorçu qruplaşmalara da aidiyyatım yoxdur. O, özünün ağır vəziyyətində erməni xalqını yaddan çıxarmayıb”,-Gikinyan deyib.

Ermənistan Rəssamlar İttifaqının sədri Suren Səfəryan isə deyib ki, bu əsəri qəbuledilməz sayır, amma ittifaqın həmin sərginin təşkil edilməsinə dəxli yoxdur. Ona görə də rəssama hansısa qadağa qoya bilməzdi.