Türkmənistan Qarabağ müharibəsinə qoşulur?

09 Avqust, 2017 13:37 | Siyasət | Baxış sayı: 2716
Türkmənistan silahlı qüvvələri
Türkmənistan silahlı qüvvələri

Tehran və Ermənistan Aşqabadın vasitəsi ilə Bakı qarşısında şərt qoyub

http://www.lragir.am/index/rus/0/comments/view/57472Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun Bakı səfəri Ermənistan mətbuatında ciddi reaksiya doğurub.

İstiPress-in məlumatına görə, erməni şərhçilər iddia edirlər ki, türkmən lider Bakıya Azərbaycan rəhbərliyi ilə qaz tranziti barədə danışmağa gəlib.

Həmin versiyaya görə, o həm də Bakıya İran və Ermənistanın birgə şərtini çatdırmağa gəlir, həmin şərtlər isə Serj Sarkisyanın Tehran səfəri zamanı müəyyən edilib.

Erməni şərhçi Naira Ayrumyan "Lragir"də bununla bağlı yazdığı məqaləsində iddia edir ki, əgər İlham Əliyev Türkmənistanın irəli sürdüyü şərtlərlə razılaşmasa, o, öz qazının Avropaya tranziti üçün Ermənistanla və İranla danışıqlara başlayacaq.

Rusiya və İranın etirazı üzündən Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinin qeyri-mümkünlüyündən danışan şərhçi  alternativlərdən də bəhs edir:  

"Türkmənistanın öz qazının İrandan keçməklə Azərbaycana çatdıra bilər. Amma belə görünür ki, İran Azərbaycanı tranzit qazla təmin etmək niyyətində deyil. Bundan başqa, İran türkmən qazını Ermənistanın vasitəsi ilə Avropaya çıxarmaq istəyir", - deyə Ayrumyan vurğulayıb.

Türkmənistanın bu şərtlərə razılaşması dolayısı ilə Ermənistan tərəfindən Qarabağ müharibəsinə qoşulması demək olar. Hər halda, İranın fitvasına uyaraq Ermənistanın iqtisadi təcriddən çıxarılmasına xidmət edən layihələrə qoşulmaq yalnız Türkiyə və Azərbaycana düşmənçilik kimi dəyərləndirilə bilər. 

Həsən Ruhani və Serj Sarkisyan - Tehran, 5 avqust 2017-ci il
Həsən Ruhani və Serj Sarkisyan - Tehran, 5 avqust 2017-ci il

Ümumiyyətlə, ermənilər Serj Sarkisyanın Tehran səfəri və orada prezident Həsən Ruhani ilə görüşü barədə çox danışırlar. Məsələn, iranşünas Armen İsraelyan bildirib ki, Tehrana səfər çərçivəsində Dağlıq Qarabağla bağlı Azərbaycana və Türkiyəyə ciddi mesajlar verib və xəbərdarlıqlar edib.

Erməni şərhçilər nədənsə İran əhalisinin 40 faizə qədərinin məhz azərbaycanlılar olduğunu, türkmənlərin isə etnoqrafik baxımdan dünyada azərbaycanlılara ən yaxın xalq olduğunu unudurlar. Min ilə yaxındır ki,  İran azərbaycanlılar tərəfindən idarə olunur. Hazırkı dini lider Seyid Əli Xamneyi də Azərbaycan türküdür. Yüksək çinli məmurların və hərbçilərin də böyük hissəsi Azərbaycan türkləridir. Yəni, bu amil ermənipərəstliyi Tehran üçün çox təhlükəli macəraya çevirə bilər.

Türkmənlərə gəldikdə isə bütün beynəlxalq tədbirlərdə azərbaycanlılarla bir yerdə olurlar. Problemli məsələlər olan zaman çıxışlarını incik qardaş kimi qururlar, tribunadan enən zaman yenə azərbaycanlıların yanına gəlirlər və vidalaşmadan getmirlər. Azərbaycanla Türkmənistan arasında düşmənçilik ola bilməz. Çünki hər ikisi Qorqud Ata yadigarıdır.

Çingiz Rüstəmov / İstiPress