Naxçıvan əməliyyatı təsdiqləndi - "Bunlar ilk addımlardır"

09 İyun, 2018 11:00 | Siyasət | Baxış sayı: 499
Şərur rayonunun Günnüt kəndi
Şərur rayonunun Günnüt kəndi

"Naxçıvanda torpağımızın azad olunması münasibəti ilə xalqımızı təbrik edirəm"

"Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar, torpağımızın işğaldan azad edilməsi həm ordumuzun, həm xalqımızın, həm də prezidentimizin apardığı siyasətin təntənəsidir".

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, bunlar ilk addımlardır: "Azərbaycan prezidentinin siyasəti, gördüyü işlər, yaratdığı mühit, dünyaya sübut etdiyi məsələlər torpaqlarımızı işğaldan azad edəcək. Bu məntiqdir, həqiqətdir. Ermənilərin təşkil etdiyi yalan bir müddət ayaq tutub, ancaq yeriyə bilmədi. Torpaqlarımız gec-tez, inşalllah, tezliklə işğaldan azad ediləcək. Bununla əlaqədar Naxçıvanda torpağımızın azad olunması münasibəti ilə xalqımızı təbrik edirəm".

Xatırladaq ki,  Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edilib.