Böyük müharibənin qalibləri

09 May, 2020 15:58 | Siyasət | Baxış sayı: 102

Hər iki veterana 1500 manat birdəfəlik pul yardımı edilib

9 may - 1941-1945-ci il Böyük Vətən Müharibəsində alman faşizmi üzərində tarixi qələbənin 75 illiyi günündə Xaçmaz rayon İH başçısı Elnur Rzayev rayonda sağ qalmış iki müharibə veteranına baş çəkib.

İstiPress-in şimal bürosunun məlumatına görə, o rayonun Aşağı Zeyid kəndində yaşayan Məhəmməd Süleyman oğlu Məmmədovla və Tel kəndində yaşayan Nurulla Cərulla oğlu Mərdanovla evlərində görüşüb. 96 yaşlı hər iki veteran ilə olduqca səmimi söhbət aparılıb.

Onlara dövlətin, Prezident İlham Əliyevin bütün müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan ətraflı danışılıb. Prezidentin Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münasibətilə müharibə veteranlarına, sonradan həlak olmuş veteranların dul qalmış arvadlarına və arxa cəbhədə fədakarlıq göstərmiş şəxslərə birdəfəlik pul yardımı edilməsi barədəki sərəncamı deyilənlərə əyani nümunə kimi göstərilib.

Elnur Rzayevə qanlı- qadalı illərdən xatirələrini danışan Məhəmməd Məmmədov və Nurulla Mərdanov göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.

Prezidentin sərəncamı ilə hər iki veterana 1500 manat birdəfəlik pul yardımı edilib. 86 nəfər isə arxa cəbhədəki xidmətlərinə görə 750 manat pul yardımı alıb.

Qeyd edək ki, Böyük Vətən Müharibəsində Xaçmaz rayonundan 8739 nəfər iştirak edib, onlardan 3039 nəfər həlak olub və sonradan vəfat edib. Geri dönən 5700 nəfərdən isə bu gün ziyarət edilən cəmi 2 nəfər sağ qalıb. Sonda Məhəmməd Məmmədov və Nurulla Mərdanov Azərbaycanın Qağlıq Qarabağı zəbt etmiş Ermənistanla məcburi müharibədə də tarixi qələbə xəbərini eşitməyi həm özlərinə, həm bütün Azərbaycan xalqına arzulayıblar.