Bu gün Qələbə günüdür

09 May, 2018 08:20 | Siyasət | Baxış sayı: 48
Qələbə günü
Qələbə günü

Faşizmi üzərində qələbədən 73 il ötür

Bu gün 9 May - Qələbə günüdür. Alman faşizmi üzərində qələbədən 73 il ötür.  1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keyteldanışıqsız təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub.

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. 

Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü,hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.

Bu il - 2018-ci ilin aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000 manat, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Sərəncam 11 193 nəfərə şamil olunub.