Avropadakı Azərbaycan diasporu ayağa qalxdı

09 Aprel, 2018 19:36 | Siyasət | Baxış sayı: 244
Avropada Azərbaycan diasporu aksiya zamanı
Avropada Azərbaycan diasporu aksiya zamanı

Azərbaycan diasporunun nümayəndələri Avropa şəhərlərində bir neçə həmrəylik aksiyası keçiriblər.

İstiPress-in məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş genişmiqyaslı aksiyalar Haaqada, Brüsseldə və Kiyevdə keçirilib.

Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıla Konqresinin birgə təşkilatçılığı ilə Brüssel şəhərində ölkəmizin Belçika Krallığındakı səfirliyi və Avropa Birliyindəki daimi nümayəndəliyinin binası qarşısında bu ölkədə yaşayan azəbaycanlıların keşirdikləri həmrəylik aksiyasında soydaşlarımız Avropada yaşayan azərbaycanlıların öz tarixi vətənlərinin milli maraqlarını hər zaman müdafiə etdiklərini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi uğurlar, artan iqtisadi və hərbi gücü, yüksələn beynəlxalq nüfuzu hər bir azərbaycanlıda qürur hissi doğurur. Bildirilib ki, bu gün dünya azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında sıx birləşərək, xalqımızın və dövlətimizin mənafelərini qorumaq üçün həmrəylik nümayiş etdirir. Aksiya iştirakçıları bəzi anti-Azərbaycan qrupların ölkənin imicini ləkələməyə istiqamətlənmiş fəaliyyətini pisləyib. Bir qrup vətənpərvərlik hisslərindən məhrum şəxsin heç bir etik çərçivə gözləmədən dövlətin ünvanına söylədiyi təhqirlərin milli-mənəvi dəyərlərimizə laqeydliyin təzahürü kimi qiymətləndirən soydaşlarımız bu insanların azərbaycanlılar adından danışmaq haqqı olmadığını vurğulayıblar. Aksiyada “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!" kimi şüarlar səsləndirilib.

Daha sonra aksiya iştirakçıları Azərbaycanın Belçika Krallığındakı səfirliyində yaradılmış məntəqə seçki komissiyasında olublar. Azərbaycan diasporunun üzvlərinə seçkiyə hazırlıq prosesi, seçki məntəqəsində yaradılmış şəraitlə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatlarına uyğun oçaraq seçki məntəqəsində seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Ukraynada yaşayan soydaşlarımız isə bu gün paytaxt Kiyevdə, Azərbaycanın Ukraynadakı səfirliyinin binası qarşısında, ulu öndər Heydər Əliyevin adını daşıyan parkda həmrəylik askiyası və konsert proqramı təşkil ediblər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin təşkilatçılığı ilə keçirilən aksiyada 100 nəfərədək soydaşımız iştirak edib.

Əllərində Azərbaycan və Ukrayna bayraqlarını dalğalandıran aksiya iştirakçıları birlik və həmrəylik şüarları səsləndiriblər. Aksiyada çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Poltava vilayətinin deputatı Fəxrəddin Muxtarov və digərləri bəzi xarici ölkələrdə məskunlaşmış antimilli şəxslərin qərəzli, ədalətsiz, sifarişli mövqeyinin Ukraynada yaşayan azərbaycanlıları narahat etdiyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan regionda söz sahibinə çevrilib, heç kimdən asılı olmayan dövlət siyasəti yürüdür, iqtisadi, siyasi və digər sahələrdə uğurlar əldə edib. Bütün bunları ölkəmizin inkişafını istəməyən qüvvələr həzm edə bilmirlər. Ona görə də onlar Azərbaycana qarşı şər, böhtan kampaniyasına başlayıblar. Belə halların yolverilməz olduğunu vurğulayan soydaşlarımız anti-Azərbaycan qrupların bu cür məkrli əməllərini pisləyiblər.

Çıxışçılar Ukraynada yaşayan soydaşlarımızın hər zaman dövlətimizi, onun daxili və xarici siyasətini dəstəklədiklərini bəyan ediblər. Aksiya iştirakçıları ürəklərinin Azərbaycanla döyündüyünü, Vətənin adını daim uca tutduqlarını, birlik nümayiş etdirdiklərini vurğulayıblar.

Aksiyada “Hər zaman səninləyik, Azərbaycan!”, “Biz Ukraynada Azərbaycanı ləyaqətlə təmsil edirik!”, “Biz fəxr edirik ki, azərbaycanlıyıq!”, “Azərbaycan qürurumuzdur. Qürurumuza toxunmayın!”, “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətənimizin qüdrəti bizim qürurumuzdur!”, “Dövlətimizin və xalqımızın adını uca tutmaqdan şərəf duyuruq!” kimi şüarlar səsləndirilib.

Soydaşlarımız xarici ölkələrdə yaşayan bütün azərbaycanlıları həmrəyliyə, birliyə çağırıblar: “Milli və dövlət maraqları hər şeydən üstün tutulmalıdır. Azərbaycan adlı məmləkətimiz ətrafında sıx birləşməliyik. Azərbaycanda sabitliyə və inkişafa xələl gətirməkdən çəkinməliyik”.

Çıxışlardan sonra səmaya sülh, barışıq rəmzi olan şarlar buraxılıb. Aksiyadan sonra Azərbaycanın xalq mahnıları və milli musiqilərindən ibarət konsert olub.