ABŞ təhdid etdi, Türkiyə tarix verdi

09 Mart, 2019 12:53 | Siyasət | Baxış sayı: 158
S-400
S-400

"82 milyon vətəndaşımızı qorumağa məcburuq"

ABŞ-ın Türkiyəni təhdid edən açıqlamalarından sonra bu ölkənin müdafiə naziri "S-400" raket kompleksini əldə edəcəkləri tarixi açıqlayıb.

NATO ilə yanaşı ABŞ da Rusiya istehsalı olan kompleksinin alınmasına kəskin formada etiraz edir. Türkiyəni bu alış-verişdən çəkindirmək üçün hətta təhdidə də əl atılıb. Ən son Pentaqon sözcüsü Çarli Summers bu razılşamanın "F-35"lərin təhvili və "Patriot" satışını təhlükəyə ata biləcəyini deyib. 

Bu açıqlamadan sonra türk nazir Hulusi Akar isə "S-400"lərin oktyabr ayından qurulmağa başlanacağını deyib.  "Hələlik onların yeri ilə bağlı Hərbi hava Qüvvələri ilə iş aparılır. Bizim "S-400" almağımız bir seçimdən çox, məcburiyyətdir. 82 milyon vətəndaşımızı qorumağa məcburuq".

Nazir digər tərəfdən vaşinqton ilə ortaq məxrəcə gəlmək üçün çalışmalara davam edəcəklərini qeyd edib. 

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya ilə "S-400" alışı üçün imzalanan müqavilədən geri dönüş olmayacağını elan edib. "Bu əxlaqsızlıq olar. Heç kim bizdən tüpürdüyümüzü yalamağımızı gözləməsin". 

Bundan başqa o qeyd edib ki, Rusiya ilə anlaşma əldə edilib və ortaq istehsal başlayacaq. "Bəlkə "S-400"dən sonra "S-500"ə də başladıq".