Tarixi qərar təsdiqləndi

09 Fevral, 2019 09:30 | Siyasət | Baxış sayı: 198
Yunanıstan parlamenti
Yunanıstan parlamenti

Yunanıstanla Makedoniya arasındakı ad qalmaqalı bitdi

Yunanıstan uzun illər davam edən ad mübahisəsindən sonra qonşusu Makedoniyanın NATO üzvlüyünə dair protokolu imzalayıb. Bununla da tarixi bir qərar qəbul edilib.

Səsverməyə 294 deputata qatılıb. Onlardan 153 nəfəri sənədi dəstəkləyib. 140 millət vəkili isə Makedoniyanın NATO üzvlüyünə dair protokola "yox" deyib. Lakin 13 səs fərqlə 28 illik ad problemində son addım atılıb. 

Yunanıstan ilə Makedoniya arasında ad problemi 1991-ci ildən başlayıb. Makedoniyanın müstəqilliyini elan etdikdən sonra başlayan problem ötən ilin iyun ayında iki ölkənin baş nazirinin imzaladığı sənədlə yekunlaşıb. Makedoniya adını Şimalı Makedoniya Respublikası olaraq dəyişməyə razı olub.

Xatırladaq ki, dünya bu dövləti Makedoniya respublikası olaraq tanıyıb. Ancaq Yunanıstan eyni adlı bölgəsi olduğu üçün ölkənin adının dəyişdirilməsini tələb edirdi.