Keçmiş nazir Fazil Məmmədov vəfat edib?

09 Fevral, 2019 16:22 | Siyasət | Baxış sayı: 500
Fazil Məmmədov
Fazil Məmmədov

Onun Gəncə Beynəlxalq Xəstəxanasında ölməsi ilə bağlı xəbər yayılıb

Sabiq vergilər naziri Fazil Məmmədovun ölümü barədə yayılan xəbərlər əsassızdır. İstiPress-in məlumatına görə, bu barədə məlumatı "Müsavat" yaymışdı.

Məlumatda qeyd edilirdi ki, nazir bu gün Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib. O, bir müddət əvvəl Türkiyədə müalicə aldıqdan sonra Azərbaycana qayıtmışdı.

Lakin F.Məmmədovun yaxınları bu barədə xəbərləri təkzib ediblər. Bildirilir ki, bu çaşqınlığa səbəb başqa bir vəzifəli şəxsin vəfat etməsidir. Belə ki, Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişən polkovnik Şükür Mehdiyevdir. Onun vəfat etməsi xəbəri xəstəxanada təlaş yaradıb və kənar müşahidəçilər həmin xəstəxanada müalicə alan Fazil Məməddovun vəfat etdiyini düşünüblər. Beləcə, xəbər ildırım sürətilə sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib. Azərbaycan Güləş Federasiyasının prezidentidir.