"ADU tələbələri xarici dil bilmir" deyən dekana cəza

09 Yanvar, 2019 13:11 | Siyasət | Baxış sayı: 127
Kamal Abdulla
Kamal Abdulla

Rektor Kamal Abdulla müəllimi isə imtahandan kənarlaşdırıb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla ali təhsil müəssisəsinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin ADU-da 4 il oxuyan tələbələrin xarici dil bilmədikləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

O, ADU-nun məzunlarının ən yüksək dövlət qurumlarında çalışan insanlar olduğunu bildirib və rektor vəzifəsində ilyarımdır işlədiyini xatırladıb: "Bu müddətdə də tələbələri savadlaşdıra bilmərəm. İstəsəm də, bunu edə bilmərəm. 4 ilin tələbələrinin xarici dil bilməmələrinə gəlincə, həmin tələbələrin savadsız olmasına dekan və müəllim məsuldur. Çünki onlar çoxdan işləyir və belə çıxır ki, ancaq özlərini ittiham edirlər".

Rektor qeyd edib ki, bütün iddiaların hamısı böhtandır. İddianı səsləndirən şəxs töhmət aldıqdan sonra belə çıxışlar etməyə başlayıb. "Həmin dekana açıq dərslərin təşkilində buraxdığı ciddi nöqsanlara və ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar fakültəsində heç bir tədbir keçirilməsinə lüzum bilmədiyinə görə töhmət verilib.

Tələbələri təhdid edən və mitinqə, iğtişaşa çağıran müəllim Pərvin Mürsəlova isə imtahanlardan kənarlaşdırılıb. Çünki həmin müəllim tələbəni təhdid edib və səs yazısı da var".

Rektor universitetdə qohumlarının işləməsi ilə bağlı ittihamlara da cavab verib: “Bu universitetdə cəmi bir qohumum işləyir. O da professor Azad Məmmədovdur. Kafedra müdiridir, məndən əvvəl burada işləyib. İkinci bir yaxınımın burada işlədiyini mənə kimsə deyə bilməz.