Yevda Abramov dəfn edildi

08 Dekabr, 2019 13:49 | Siyasət | Baxış sayı: 364

Vida mərasimində Milli Məclisin çox sayda deputatı iştirak etdi

Dekabrın 6-da Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişən Azərbaycan Milli Məclisinin üzvü, yəhudi əsilli deputat Yevda Abramovla Quba şəhərindəki Bəşir Səfəroğlu adına mədəniyyət mərkəzində vida mərasimi keçirilib.

İstiPrssess-in məlumatına görə, vida mərasimində Milli Məclisin çox sayda deputatı, Quba rayon ictimaiyyətinin nümayəndələri, İh - hüquq-mühafizə orqanlarının rəsmiləri, hökumət nümayəndələri, xaricdən gəlmiş mötəbər qonaqlar iştirak edib.

Vida mərasimini giriş sözü ilə Quba İH başçısı Ziyəddin Əliyev açaraq mərhum millət vəkilinin ailəsinə ölkə rəhbərliyinin başsağlığını çatdırıb. Ziyəddin Əliyev Birinci vitse-prezident Mehriban Əliyevanın başsağlığı məktubunu oxuyub, ailəsinə dərin hüznlə başsağlığı verib. YAP-ın icra katibi Əli Əhmədov Yevda Abramovu Azərbaycan dövlətçiliyinə sadiq deputat və gözəl insan kimi xarakterizə edərək onu itirmələrindən çox kədərləndiyini bildirib. 

Bütün çıxışlarda Yevda Abramov Azərbaycanı sevən şəxs kimi xatırlanıb. Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə məhz Abramovun Azərbaycanı necə sevməsindən danışıb: "O qədər vətənpərvər adam idi ki, Yevda Abramov. Çox sevirdi Azərbaycanı. Adam onunla danışanda heç etnik mənsubiyyətini huss etmirdi. Azərbaycanı dəhşət çox sevirdi. Azərbaycanın Qarabağ problemini həmişə layiqincə beynəlxalq arenada çatdırırdı. Çox heyf, itirdik onu".

Oğlu Elçin Abramov İstiPress-ə bildirib: "Atam tez-tez bizə vəsiyyətini təkrarlayırdı. Həmişə də deyirdi, düzgün olun, Azərbaycanı sevin".

Xərçəng xəstəliyindən əziyyət çəkən Yevda Abramov 53 saylı Quba-Qusar DSK-dan deputat seçilmişdi. O bu gün yəhudi adət və ənəsinə iyğun olaraq Qırmızı qəsəbə qəbristanlığında dəfn olunub.