Şimalda möhtəşəm Bayraq günü

08 Noyabr, 2019 17:29 | Siyasət | Baxış sayı: 180

2000 nəfərə yaxın hərbçi və gənclər iştirak edib

Qusarda Bayraq günü möhtəşəm yürüşlə qeyd olunub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin əsgərləri və rayon gəncləri Qusar şəhərindəki general Mahmud Əbilov adına mərkəzi meydanın qarşısından Bayraq meydanına qədər yürüş ediblər.

Əllərindəki 15 metr uzunluğu olan Azərbaycanın Dövlət Bayrağını irəlidə tutaraq aparan əsgərlərin və gənclərin yürüşü rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Hərbi orkestrin müşayiətilə coşqu ilə Qusar küçələrini dolaşaraq Bayraq meydanına gələn yürüş iştirakçıları üçrəngli bayrağımızı sonsuz iftixar hissi ilə daşıdıqlarını bildiriblər.

Mərkəzi meydandan Bayraq meydanına qədər olan 4 km məsafədə davam edən tədbirdə 2000 nəfərə yaxın hərbçi və gənclər iştirak edib. Sonda iştirakçılar və bura gələn rayon sakinləri üçün bayram konserti verilib.