Qədim şəhərin təntənə bayramı

08 Noyabr, 2019 18:28 | Siyasət | Baxış sayı: 125

Qubada Dövlət Bayrağı və Konstitusiya günləri qeyd edilib

Son illər tarixi günlərdə fərqli yürüşləri ilə gündəmə gələn Qubada möhtəşəm bayraq yürüşü baş tutub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba şəhərindəki Nizami adına parkdan Yusif Qasımov küçəsindən keçməklə yeni istifadəyə verilən  28 may parkına qədər 2 km məsafədə keçirilən yürüşdə rayon icra və hüquq-mühafizə orqanlarının, ayrı-ayrı idarə və təşkilatların rəsmiləri və nümayəndələri, ictimaiyyət təmsilçiləri, gənclər, yerli sakinlər və idmançılar - toplam 15 min adam iştirak edib. 

Yürüşün önündə 20 metr uzunluğu olan Azərbaycanın Dövlət Bayrağını gətirən gənc idmançılar addımlayıb. Yürüş edənlərin sırasında olan Quba İH başçısı Ziyəddin Əliyev sakinlərin yeni istifadəsinə verilən 28 may parkının girişində 9 noyabr- Azərbaycanın Dövlət Bayrağı günü və 12 noyabr - Konstitusiya günü ilə bağlı məruzə edib. Məruzədə Azərbaycanın Dövlət atributlarından olan Dövlət Bayrağının yaranma tarixindən ətraflı danışıb. Bildirib ki, 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən təsis edilən Azərbaycan bayrağı 1991-ci il fevral ayının 5-də həmin il müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilib. Daha sonra məruzədə 2009-cu il noyabr ayının 18-dən prezident İlham Əliyevin sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanın Dövlət Bayrağı günü kimi qeyd edildiyi diqqətə çatdırılıb.

Ziyəddin Əliyev yeni istifadəyə verilən 28 may parkında qubalılara nostalji hisslər də yaşadıb. 20-ci əsrin əvvəllərində rayon sakinlərinin yaddaşında Qubernator parkı kimi yadında qaldığı istirahət guşəsinin yenilənmiş formasının Quba sakinlərinə Azərbaycanın  Dövlət Bayrağı və Konstitutusiya günündə gözəl hədiyyə olduğunu deyən Quba İH başçısı Ziyəddin Əliyev son 5 ay ərzində burada xeyli işlər görüldüyünü söyləyib.

"Quba sakinləri bu parkda da rahatlıqla dincələ biləcəklər. İki yeməkxana, futzal, idman meydançası, 2 uşaq meydançası olan parkda yaşıllaşdırma qazonları qoyulub və işıqlandırma sistemi qurulub. "Vaxtilə qubernatorun əkdirdiyi deyilən ağaclarda budama işləri aparılıb. Yeri gəlmişkən, yaşlı qubalılar söyləyir ki, burada əkilmiş ağacları qubernator qızı üçün əkdirib və astma xəstələri üçün müalicəvi əhəmiyyət daşıyır.

Sonra yeni parka gəzinti  keçirilib, istifadəyə verilən idman  guşələrinə idmançıların iştirakı ilə baxış keçirilib, təşkil edilən rəsm sərgiləri də diqqətdən kənarda qalmayıb,gənc rəssamların əl işləri xüsusilə bəyənilib.