Koçaryan: Paşinyan Azərbaycana müharibə hüququ verdi

08 Noyabr, 2019 16:25 | Siyasət | Baxış sayı: 1368

“Ermənilərin Qarabağ məsələsində oturuşmuş, əsaslı bir strategiyası yoxdur”

Ermənistanın keçmiş prezidenti, hazırda həbsdə olan Robert Koçaryan Rusiyaya məxsus “Sputnik Armeniya” portalında dərc edilmiş məqaləsində baş nazir Nikol Paşiyanı sərt tənqid edib.

İstiPress-in məlumatına görə, məqalədə Koçaryan Paşiyanın komandasının son iki ildə Qarabağ məsələsində buraxdığı səhvlərdən danışıb və vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyini bildirib.  

“Baş nazirin "Qarabağ - Ermənistandır, vəssalam!" bəyanatı danışıqları xalqların öz müqəddəratını həll etmək prinsipindən bizim üçün əlverişsiz olan dövlətlərin ərazi bütövlüyü müstəvisinə apardı”,- deyə Koçaryan vurğulayıb.

Onun fikrincə, Paşinyan komandasının daha bir uğursuz addımı Ermənistan xarici işlər naziri Zohrab Mnasakanyanın BBC-dəki müsahibəsi olub: “Bütün bunlar Azərbaycanın danışıqların açıq-aydın mənasızlığını əsas göstərərək, öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatları  başlamasının qarşısındakı maneənin kiçilməsinə səbəb olur”,- deyə həbsdə olan Koçaryan vurğulayıb.

Fikrət Sadıqov - Politoloq
Fikrət Sadıqov - Politoloq

Politoloq Fikrət Sadıqov İstiPress-ə müsahibəsində Koçaryanla Paşinyan arasında gedən bu mübarizədə Azərbaycan üçün müsbət məqamların olduğunu və rəsmi Bakının bundan yararlana bilicəyini bildirib.

“Təbii ki, Koçaryanın dedikləri daxili bazar üçün ünvanlanıb, yəni Paşinyanla onun Qarabağ məsələsinə yanaşması arasında köklü fərq yoxdur - hər ikisi işğal edilmiş torpaqları Azərbaycandan qoparmağa çalışır. Amma bu mükalimədə Azərbaycan üçün müsbət olan əsaslı bir məqam var - baş verənlər göstərir ki, ermənilərin Qarabağ məsələsində oturuşmuş, əsaslı bir strategiyası yoxdur. Azərbaycan məhz bundan istifadə etməlidir”,- deyə politoloq vurğulayıb.

Yəni Azərbaycan dövləti öz ardıcıl xətti ilə ermənilərin ərazi iddialarının əsassız olduğunu bütün dünyaya sübut etməli, həmçinin öz hərbi iradəsi idə işğalla heç zaman barışmaycağını hər kəsə - o cümlədən Koçaryanın öz məqaləsində Ermənistanın yeganə xilaskarı kimi tanıtdığı Rusiyaya başa salmalıdır.