Ermənilər Qarabağı bu gün KTMT sammitində itirdilər

08 Noyabr, 2018 18:20 | Siyasət | Baxış sayı: 1107
KTMT qüvvələri
KTMT qüvvələri

İlham Əliyevin Astanaya getməməsi İrəvanda ciddi məyusluq doğurub

Bir sıra erməni KİV-ləri iddia edir ki, prezident İlham Əliyev KTMT-nin Astanada keçirilən sammitinə dəvət edilsə də, Azərbaycan prezidenti bunedan imtina edib.

İstiPress-in məlumatına görə, bu versiyanı irəli sürən mətbuat orqanları sırasında yer alan “Lragir”in şərhçisi Naira Ayrumyan iddia edir ki, bəs, səfər çərçivəsində Azərbaycan KTMT-yə müşahidəçi statusu ilə qoşulmalı imiş:

“Müşahidəçi variantına gəldikdə isə bu günkü iclasda qurumun nizamnaməsinə ediləcək dəyişiklik Ermənistanın razılığı olmadan Azərbaycanın müşahidəçi statsu ilə KTMT-yə qoşulmasına imkan yaradacaq. Amma ekspertlər və politoloqların hamısı iddia edir ki, Azərbaycanın KTMT-yə üzvlüyü Bakıya yox, Moskvaya lazımdır”,- deyə Ayrumyan bildirir.

Ermənilər üzə verməsələr də, Azərbaycanın Rusiya yönümlü siyasət aparmasında maraqlıdırlar və Astanada bu gün Azərbaycan nümayəndəsinin olmaması onları məyus edib. Hər halda, münaqişənin Rusiyanın qanadı altında həll edilməsi ermənilərə bir neçə rayonu geri qaytararaq müharibədən yaxa qurtarmağa imkan yaradacaq, Dağlıq Qarabağ və dəhliz adlandırılan Laçın və Kəlbəcər isə Rusiya hərbçilərinin nəzarəti altında olacaq. Erməni millətçiləri bunu çoxdan arzulayır və bədnam Zori Balayan hətta bir neçə il qabaq Putinə yazdığı məktubunda bunu xahiş etmişdi.

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli əslində NATO-nun yox, Rusiyanın variantıdır
Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli əslində NATO-nun yox, Rusiyanın variantıdır

Erməniləri qoxudan münaqişənin ABŞ-ın patronajı altında həllidir, çünki Vaşinqton artıq münaqişənin həlli ilə bağlı konkret danışmağa başlayıb – ərazi bütövlüyü prinsipi ilə həll edilməlidir, həm də İrəvan Bakı ilə torpaqları geri qaytarmaq barədə danışıqlara başlamalıdır. ABŞ təbii ki, Ermənistanı zorla Azərbaycan torpaqlarından çıxarmayacaq, amma onun bu mövqeyi Azərbaycana əlverişli durumda işğal olunmuş ərazilərdə anti-terror əməliyyatlarına başlamağa imkan yaradır.

Buna görə də xüsusilə də Rusiyada yerləşən ermənipərəst qüvvələr ABŞ-la Azərbaycanın münasibətlərinin pis olması barədə fantaziyalar uydurmağa başlayırlar.  Məsələn, ermənipərəst “Reqnum” portalı bu gün Trampın Azərbaycanı küncə dirəməsi ilə bağlı tam arqumentsiz məqalə çap edib. Guya ABŞ Azərbaycanın bir sıra tranzit layihələrinə sanksiya tətbiq edə bilər, çünki onlar İranla da əlaqləri nəzərdə tuturlar. Halbuki, ABŞ-dan dəfələrlə bəyan edilib ki, Cənub Qaz Dəhlizi kimi tranzit layihələri üçün sanksiya tətbiq edilməyəcək.

Amma nədənsə “Reqnum” Trampın Ermənistana qarşı sərt mövqeyindən yazmağı unudur.  Halbuki, ABŞ prezidentinin müşaviri Con Bolton İrəvanda olarkən İranla ticarəti dayandırmağı tələb etmişdi. Bu, Ermənistanda milli faciə kimi qəbul edilir, hər halda, İran Ermənistanın yeganə etibar etdiyi qonşusudur. Gürcüstanla  sərhədləri açıq olsa da zaman-zaman münasibətləri gərginləşir. Amma nədənsə Moskvadakı erməni aşiqləri bunu görmək istəmirlər.