Putinin Qarabağda sınaqdan keçirdiyi silahlar

08 Noyabr, 2017 19:57 | Siyasət | Baxış sayı: 810
Rusiyanın "Sontsepek" atəşsaçanları Suriyada
Rusiyanın "Sontsepek" atəşsaçanları Suriyada

Rusiya ordusunun Baş Qərargah rəisindən etiraflar

Rusiya Dağlıq Qarabağda fəal şəkildə öz yeni silahlarını sınaqdan keçirir.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın populyar analitika portalı “Lragir” məlumat verib. 

Portalın məlumatına görə, Rusiya qaynar nöqtələrdə öz silahlarını sınaqdan keçirir və bunu Rusiya ordusunun Baş Qərargah rəisi  Valeri Gerasimov Müdafiə Nazirliyində keçirilmiş iclasda bildirib.  Rusiyanın Suriyala yeni silah növlərini sınaqdan keçirdiyin vurğulayan Gerasimov deyib:

"Suriyada həyata keçirilmiş əməliyyatların gedişində demək olar ki, bütün çağdaş yerli silah və hərbi texnika nümunələrimiz döyüş şəraitində yoxlamadan keçirilib".

“Lragir” 2016-cı ilin aprel ayında Rusiya prezidenti Vladimir Putinin  çağdaş rus silahı barədə dediklərini də yada salıb. “Çağdaş rus silahı təlim poliqonlarında deyil, real şəraitdə, döyüşlərdə layiqli sınaqdan keçib”,- deyə Vladimir Putin onda vurğulamışdı.

Buna görə, erməni portalı iddia edir ki, Putin məhz aprel döyüşlərinə işarə vuraraq məhz Azərbaycana verilmiş rus silahının sınaqdan keçirilməsindən bəhs edir. Lakin aprel döyüşləri barədə az-çox məlumatı olanlar bilir ki, bu döyüşlərin əsas qəhrəmanı İsrail istehsalı olan tank əleyhinə raket kompleksi “Spayk” olub. Azərbaycan bu raketlərdən istifadə etməklə Ermənistanın onlarla tankını məhv etmişdi. 

Aprel döyüşlərinin ssenarisi
Aprel döyüşlərinin ssenarisi

Həmin tanklar Mingəçevir istiqamətində hərəkət etməklə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə çıxmaq niyyətində idi. Onda Azərbaycan ordusu əks hücum etməklə iki strateji yüksəkliyi ələ keçirdi, xeyli ərazi düşmən işğalından xilas edildi. Ola bilər ki, erməni tanklarını hücuma Rusiya göndərmişdi və bu, həm də sınaq məqsədi daşıyırmış.

İstənilən halda, Rusiya Ermənistana regiondakı son istehkamı kimi baxır və öz silahı ilə erməni silahına fərq qoymur. Bu fikir Rusiya Humanitar Elmlər İnstitutunun professoru, politoloq Sergey Markedonovun Ermənistanın “Tert.am” portalına verdiyi müsahibədə də vurğulanıb.

Markedonov Rusiya-Ermənistan münasibətlərinin alternativsiz olduğunu bildirib: “Rusiyanın strateji tərəfdaşı olan Ermənistan çox şey əldə edir - daxili qiymətlərlə silahlar, Gümridə hərbi baza… Rusiyanın yerinə başqa istiqamət tapmaq barədə bəyanat vermək ağılsızlıq olar. Erməni-rus əməkdaşlığının alternativi yoxdur”.

Yəni burda kimin zavodundan kimin daxili qiymətlərlə (yəni dünya bazarındakı qiymətlərdən 5-10 dəfə ucuz) kreditə, bəzən də pulsuz götürülmüş silahları sınaqdan keçirdiyi göz qabağındadır. Təsadüfi deyil ki, Rusiyanın İranı 2 milyrad dollara satdığı «İsgəndər» raketləri Ermənistana pulsuz aparılıb. Sadəcə, yollayış vərəqəsində «satış üçün» yox, «sınaq üçün» sözləri yazılıb.

Çingiz Rüstəmov / İstiPress