Türkiyəni məhv etməklə hədələyən Trampdan yeni bəyanat

08 Oktyabr, 2019 17:00 | Siyasət | Baxış sayı: 292
Donald Tramp
Donald Tramp

"Ərdoğan noyabrın 13-də Vaşinqtonda qonağım olacaq"

Türkiyəni iqtisadiyyatın məhvi ilə hədələyən ABŞ prezidenti Donald Tramp bu ölkə haqqında yeni tvit yazıb. Bu dəfə Amerikalı lider həmkarı Rəcəb Tayyib Ərdoğanın qonağı olacağını deyib.  ABŞ liderinin açıqlaması belədir: 

"Bir çoxları Türkiyənin ABŞ-ın böyük ticarət ortağı olduğunu unudur. Türkiyə "F-35"lərin gövdəsini hazırlayır. İdlibdə çox canı xilas etməyə kömək edib. Türkiyə NATO-nun önəmli üzvüdür. Prezident Ərdoğan noyabrın 13-də Vaşinqtonda qonağım olacaq". 

Xatırladaq ki, bundan öncəki bəyanatında Tramp Türkiyənin iqtisadiyyatını məhv etməklə hədələmişdi. "Daha öncə də dediyim kimi bir daha qeyd edirəm ki, əgər Türkiyə qoyulan sərhədləri keçərsə mən onun iqtisadiyyatını tamamilə məhv edəcəm. Necə ki, daha öncə etmişdim". 

Trampın iqtisadi təhdidləri cavabsız qalmayıb. Prezident Ərdoğanın köməkçisi Fuad Oktay "Türkiyə təhdidlərlə hərəkət etmir" deyə cavab verib. 

"Beynəlxlaq ictimaiyyətə mesajımız aydındır - Türkiyə təhdidlə hərəkət edəcək bir ölkə deyil. Söhbət ölkənin təhlükəziliyindən gedirsə prezidentimizin də dediyi kimi Türkiyə öz yolunu özü seçir.

Heç bir şərtlə öz sərhəddinin bir addımlığında bir terror dəhlizi və dövləti qurulmasına əsla və əsla icazə verməyəcək. Bunun dəyəri nə olursa olsun..."