Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşdü

08 Oktyabr, 2019 14:40 | Siyasət | Baxış sayı: 22
Görüş
Görüş

Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Baş prokurorunun müavini - Baş hərbi prokuror 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Petrovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri ölkələrimiz arasında əlaqələrin inkişaf etməsində dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimad əsasında aparıldığını, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə olduğunu, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Rusiya Federasiyası Baş prokurorunun müavini - Baş hərbi prokuror V.Petrov da ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə əsaslandığını, hər iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm rol oynadığını bildirib.