Azərbaycanın yeni Baş naziri seçildi - Əli Əsədov kimdir? YENİLƏNİB

08 Oktyabr, 2019 12:25 | Siyasət | Baxış sayı: 1943
Əli Əsədov
Əli Əsədov

Əli Əsədovun bu vəzifəyə təyin edilməsinə razılıq verilib

Azərbaycan Milli Məclisi bu gün keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verib. Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Əli Əsədov kimdir?

Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. 

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Dosent, kafedra müdiri vəzifələrində çalışıb. 1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Prezidentin 17 aprel 1998-ci il tarixli sərəncamı ilə prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci il tarixli sərəncamı ilə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.

Saat 12:07

Milli Məclisin payız sessiyasının ikinci plenar iclasında əsas məsələ olaraq “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” sənəd müzakirəyə çıxarılıb.

Ə.Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verdikdən sonra Prezidentin sərəncamı ilə o, bu vəzifəyə təyin ediləcək.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Saat 10:08

Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 13 məsələ daxildir.

Bunlar "Dövlət rüsumu haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekuroslarının dövriyyəsi haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası haqqında" və s. qanunlara, eləcə də İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir. Layihələr II və III oxunuşda müzakirə ediləcək.

Bu gün həmçinin Azərbaycanın yeni Baş Naziri təyin ediləcək. Məsələ rəsmi qaydada Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib. Yeni Baş Nazir hazırda Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsini tutan Əli Əsədov olacaq.

Belə ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək.

Xatırladaq ki, Azərbaycanın hazırki Baş Naziri Novruz Məmmədovdur. O, 2018-ci il aprelin 21-dən bu postdadır.

Əli Əsədov
Əli Əsədov