Azərbaycanın Milandakı pavilyonu sökülüb, Bakıda quruldu

08 Oktyabr, 2018 13:16 | Siyasət | Baxış sayı: 234
Pavilyon
Pavilyon

Prezident İlham Əliyev və xanımı bulvardaki "Ekspo 2015” mili pavilyonu ilə tanış olub

Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki mili pavilyonu sökülərək Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub.Bu gün prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pavilyonla tanış olublar.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yenidən qurulan pavilyondakı şərait barədə məlumat verib.

Qeyd edək ki, bu bina Dənizkənarı Milli Parkın ərazisində bütün fəsillərdə daimi istifadəyə uyğunlaşdırılıb. Burada Azərbaycan mətbəxini, musiqisini və mədəniyyətini təbliğ edən instalyasiyalar quraşdırılıb, müxtəlif iaşə xidməti göstərmək üçün binada müvafiq şərait yaradılıb, terras qurulub.

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonla iştirak edib. Bu layihə Azərbaycanın tarixinin və mədəni irsinin, ölkənin zəngin ekoloji, enerji potensialı və nadir biomüxtəlifliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində böyük rol oynayıb. 2015-ci il mayın 31-dən oktyabrın 31-dək davam edən “Milan Ekspo 2015” sərgisini 23 milyondan çox insan ziyarət edib. Bu müddətdə Azərbaycanın milli pavilyonunda isə 3 milyon 250 mindən çox izləyici olub. 

Sərgi müddətində pavilyonun dördüncü mərtəbəsində restoran fəaliyyət göstərib. Burada Azərbaycan milli mətbəxinin nümunələri və konsert proqramları təqdim olunub. Pavilyondakı monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya incilərinə, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilib.  Azərbaycanın milli pavilyonu “Milan Ekspo 2015” Təşkilat Komitəsi tərəfindən “Dizayn və materiallar” nominasiyası üzrə qalib elan olunub. Təşkilat Komitəsi Azərbaycan pavilyonunun tərtibatında günəş şüalarını azaldan şüşə, metal və taxta sistemlərinin innovativ qaydada işlənilməsinin ekoloji baxımdan əhəmiyyətli olduğunu və dizayn elementlərinin seçildiyini qeyd edib. Bir sözlə, pavilyonumuz ekoloji təmiz, asan emal edilən materiallardan inşa olunub.

Burada “Dubay Ekspo 2020” sərgisində qurulacaq Azərbaycan milli pavilyonunun layihəsi Prezident İlham Əliyevə təqdim olunub. Layihə ilə tanış olan dövlət başçısı “Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun tikintisinə başlanılmasına dair müvafiq tapşırıqlar verib. Eyni zamanda, dövlət başçısı “Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun da sərgidən sonra sökülərək ölkəmizə gətirilməsi məsələsinə baxılmasına dair tapşırıq verib.

Qeyd edək ki, “Milan Ekspo 2015” Ümumdünya sərgisindən sonra sökülərək Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan milli pavilyonumuzun inzibati binası 4 mərtəbədən ibarətdir və 6 min kvadratmetr ərazisi var. Burada, eyni zamanda, sakinlər, eləcə də şəhərimizin qonaqlarının istirahəti üçün əlavə olaraq 4 min kvadratmetrə yaxın ərazidə müxtəlif ağac və bitki növlərindən ibarət yaşıllıq zolaqları da salınıb, istirahət üçün sahələr yaradılıb. Ərazidəki torpaq münbitləşdirilib, müasir işıqlandırma sistemi quraşdırılıb, meydançalar yaradılıb, avtomobil və velosipedlərin parklanması üçün dayanacaq sahəsi ayrılıb. Pavilyon sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir.

“Milan Ekspo 2015” Ümumdünya sərgisindəki Azərbaycanın milli pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan, qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən ölkəmizin bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirib. Onun yaradılmasında hər bir detala xüsusi diqqət yetirilib. Pavilyonun dalğavari taxta divarları Azərbaycana xas olan küləyi, həmişə burada dövr edən mədəni və yaradıcı axını simvolizə edib.