Azərbaycanda yüzlərlə türkün yatdığı şəhidliyə rəsmi ziyarət

08 Oktyabr, 2018 16:57 | Siyasət | Baxış sayı: 224
Türk şəhidliyi - Pirquluoba, Xaçmaz
Türk şəhidliyi - Pirquluoba, Xaçmaz

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xaçmazda olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində türk əsgərlərinin basdırıldığı ehtimal edilən "türk şəhidliyi"adlanan əraziyə baş çəkib.

İstiPress-in şimal bürosunun məlumatına görə, səfiri Xaçmaz səfərində rayonun icra başçısı Şəmsəddin Xanbabayev müşayiət edib. Onlar birlikdə ərazidəki bir əsr yaşı tarixi qəbristanlıqdakı məzarlara baxış keçiriblər.

Pirquluoba kəndindəki tarixi məzarlıq 4 hektar 85 sotuq sahəni əhatə edir. Yerli sakinlər illər boyu bu məzarlığa xüsusi ehtiram və hörmət bəsləyiblər, müqəddəs bir yer kimi baxıblar.

Sovet dövründə ərazidəki Mirzə Davud Hüseynov sovxozunun direktoru Tahir Tahirov bu qəbristanlığın şumlanıb əkilməsinə, becərilməsinə, bağ salınmasına qəti icazə verməyib. Çünki həm Pirquluoba, həm də Qoçaqlı kəndlərinin sakinləri bu məzarlıqda 1918-ci ildə erməni daşnaklarının Quba qəzasına hücumu zamanı köməyə gələn türk hərbçilərinin basdırıldığını ehtimal edirlər.

Hələ sovetin qaragüruh vaxtında əkilməyən bu torpaq sahəsi Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonra da istifadəsiz qalıb. Ərazidə aqrar islahat aparılanda bu sahəni paylamağa da heç kimin əli getməyib. Çünki yerli əhali bu qəbristanlıqda basdırılanların çətin gündə müsəlmanlara köməyə gələn türk əsgərləri olduğunu deyərək əkilməsini düzgün saymayıblar.

Uzun illər bu barədə heç nə yazılmayıb, ictimaiyyətə heç bir məlumat verilməyib. 2017-ci il iyun ayının 28-də İstiPress saytı bu barədə ilk dəfə olaraq Azərbaycan mediasında yazdı, ictimaiyyətə məlumat verildi. Bioloq alim Dilşad Bayramova, arxeoloq alim Qəhrəman Ağayevlə birgə Pirüuluoba kəndindəki tarixi məzarlıqda olarkən Qoçaqlı kənd sakini İmaməddin Tahirov İstiPress-ə məlumat vermişdi ki, atası, mərhum Tahir Tahirov bu ərazinin əkilib becərilmədinə heç vaxt imkan verməyib.

Yerli sakinlərin çoxsaylı müraciətindən sonra Xaçmaz icra hakimiyyətinin rəhbərliyi bu massivdə arxeoloji qazıntılar aparılmasından ötrü Miilli EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət etmişdi. 2018-ci ilin iyul ayında arxeoloq alim Qəhrəman Ağayev Pirquluoba kəndindəki qəbristanlıqda kəşfiyyat xarakterli arxeoloji araşdırma aparıb. Qazıntı zamanı  burada 3 qəbir açılıb və buradan götürülmüş insan sümükləri müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə göndərilib. Qurumun həmin sümüklərə baxış keçirən tibbi ekspertlərinin müayinəsi zamanı məlum oldu ki, bu sümüklərin 1 əsrədək  yaşı var və basdırılan insanlar 15-25 yaş arasındadır.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi Qəhrəman Ağayev Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin rəsmi rəyinin yerli sakinlərin ehtimalları ilə uyğun gəldiyini bildirib. O burada basdırılanların 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz müsəlman Ordusunun Quba qəzasına vəhşiləşmiş ermənilərin basqını zamanı köməyə gələn, ölən, yaralanan və hətta öldürülən türk əsgərləri olduğunu bildirir, çünki ekspertiza nəticəsində 15-25 arasında olan gəncin bədənində xəsarət olması faktı da üzə çıxıb.

Türkiyə səfiri Erkan Özoral artıq Xaçmaz rayonunun Pirquluoba kəndundəki "Türk şəhidliyi" adlanan əraziyə 2-ci dəfədir baş çəkir. Bu il fevral ayının 23-də də türkiyəli diplomat məhz İstiPress-in aşkar etdiyi bu tarixi məzarlıqda olmuş, yerli sakinlərin bu barədə fikirlərini dinləmişdi. Erkan Özoralın 2-ci dəfə ərazidə olması bu tarixi məzarlığın məhz dünya ictimaiyyətinə çatdırılması, tanınması istiqamətində iki ölkə arasında birgə əməkdaşlığın artıq reallaşmağa doğru getməsindən xəbər verir. Hadisələrin gedişi onu göstərir ki, illər boyu, xüsusən sovet dövründə gizli saxlanılan, barəsində danışılmayan bu tarixi məzarlıq Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi kimi dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara geniş şəkildə təqdim olunacaq.