Qubadan Yevlağa dikilən ana gözləri

08 Sentyabr, 2020 16:59 | Siyasət | Baxış sayı: 194

Bu gün Dağlıq Qarabağda - Ağdərə rayonunun Çıldıran kəndi ətrafında gedən qızğın döyüşlərdə həlak olmuş şəhidlərimizi yad edəcəyik. 1992-ci il sentyabrın 4-də adıçəkilən yaşayış məntəqəsi uğrunda gedən qızğın döyüşlərdə mina partlayışı zamanı həlak olan hərbçilərimiz arasında Qubanın iki igid oğlu da olub. Saleh Şahbalayev və İbrahim Hacıyev Qubanın Hacıhüseynli kənd sakinləri idilər.

İbrahim Seyidəli oğlu Hacıyev o hadisələrə qədər Dağıstanda Politexnik İnstitutunda təhsil alıb. Böyük qardaşı Abdulla Hacıyev isə Tomsk şəhərində inşaat mühəndisliyi sahəsi üzrə oxuyurdu. Ailənin məsləhətilə İbrahim Mahaçqala şəhərindən qardaşının oxuduğu Tomsk şəhərindəki instituta köçürülmək istəyib. Avqust ayında sənədlərini düzəldən İbrahim Hacıyev Azərbaycana - valideynlərilə görüşməyə gəlib.

1992-ci ilin ağrılı günlərindən idi həmin vaxt. İbrahim doğmaları ilə halallaşıb Rusiyaya getmək adı ilə evdən çıxır və bacısının toyuna gələcəyini deyir. Bir neçə gün sonra Hacıyevin ünvanına poçt vasitəsilə İbrahimdən banderol gəlir. Evdən geyinib getdiyi şalvar, cibində 3 güllə və qısa məktub. Ailə onda bilir ki, İbrahim Tomska deyil, könüllü olaraq cəbhəyə gedib. İbrahim məktubunda valideynlərindən onlardan icazəsiz cəbhəyə getdiyi üçün bağışlanmasını istəyib və Vətənin dar günündə onun müdafiəsinə biganə qala bilməyəcəyini yazıb.

Bu barədə İstiPress-ə şəhidin məğrur, sınmaz anası Abidət Hacıyeva çox böyük yanğı ilə danışıb. Deyir ki, "İbrahim könüllü gedib ermənilərlə vuruşmağa. Gecə-gündüz cəbhədə gedən hadisələri izləyir, İbrahimdən xəbər gözləyirdik. Bir gün gecə isə evə qəfil gələn kənd soveti sədrinin çaşqınlıq içində qapıya gəlməsindən, həyat yoldaşımı soruşub üzünü kənara tutmasından başa düşdüm ki, İbrahimdən nəsə pis xəbər var."

Abidət Hacıyeva ağlına gələnin həqiqətən başına gəldiyini deyir. Az sonra ailə İbrahimin Çıldıran kəndi ətrafında gedən vuruşmalarda şəhid olduğunu öyrənir. Qapıya tabut gəlmədiyini görən Hacıyevlərə isə bir gün sonra İbrahimin Yevlax rayonunda dəfn olması barədə məlumat verilib.

O vaxtdan düz 28 il keçir. Abidət ana Qubadan İbrahimi ziyarət eləmək üçün Yevlağa çox gedib, həyat yoldaşı, mərhum Seyidəli kişi ilə oğlunu çox ziyarət edib. İndi də səhhəti imkan verdikcə Yevlağa - şəhid balasının məzarına baş çəkən Abidət ana bütün şəhid anaları kimi qürurludur, məğrurdur, qadın, ana xislətinə uyğun olaraq hərdən ağlayıb sızlasa da dözümlüdür.

Deyir ki, "elə ana var ki, balasının harda basdırılmasından xəbərsizdir, gözü qapıdadır ki, sağdımı görəsən? Mən yenə bilirəm ki, məzarı var. Yevlax da Azərbaycandır, özgə yer deyil ki". Bircə təsəllisi odu ki, İbrahim çətin gündə doğma Azərbaycanı tərk etməyib, onun müdafiəsinə qalxıb. Çıldıran kəndi uğrunda gedən döyüşlərdə Hacıhüseynli kəndindən İbrahim Hacıyevlə birgə Saleh Şahbalayev də şəhid olub. İndi Hacıhüseynli kənd tam orta məktəbi Saleh Şahbalayevin, kənd mədəniyyət evi isə İbrahim Hacıyevin adını daşıyır.

Pandemiya səbəbindən bu il İbrahimin məzarını ziyarət üçün Yevlağa gedə bilməyən Abidət Hacıyeva nə qədər nikbin olsa da, düz 28 il bundan əvvəl baş verənlərlə baş-başadır. Qəlbən İbrahimlə danışır, ağlayır və sonda yenə "Vətən sağ olsun!" - deyərək təsəlli tapır. 

Bu yerdə İbrahimin uyuduğu Yevlaxdan xəbər var. Xüsusi olaraq təşəkkür edirəm Yevlax İH rəhbərliyinə, prezident İlham Əliyevin 31 oktyabr 2019-cu ildə Yevlağa İH başçısı təyin etdiyi Anar Tağıyevin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Elnarə Əzizovaya. Bu gün müraciətimiz əsasında Elnarə Əzizova rayonun aktiv gənclərinin bir qrupu ilə Yevlax Şəhidlər Xiyabanını ziyarət edib, İbrahim Hacıyevin və burada əbədi uyuyan bütün şəhidlərin məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri qoyulub.

Yevlax İH başçısının xanım müavini məlumat verib ki, Qarabağ döyüşlərində Yevlax rayonu 245 oğlunu şəhid verib, 36 nəfərsə itkin düşüb. Onun sözlərinə görə, Yevlax Şəhidlər Xiyabanı rayon gənclərinin, ictimaiyyətinin ən çox və müntəzəm ziyarət etdiyi məkandır. Burada dəfn edilən İbrahim Hacıyev də bizim şəhidimizdir, onu öz şəhidlərimizdən heç vaxt ayırmamışıq da. Şəhidləri ziyarət etmək isə bizim hər birimizin vətəndaşlıq borcudur. Abidat Hacıyeva indi rahat ola bilər. Həm Qubanın, həm Yevlağın, bütövlükdə bütün Azərbaycanın şəhidi olan İbrahimin məzarı bu gün gülsüz qalmadı. Ruhu şad olsun bütün şəhidlərimizin.

Aytəkin Alxaslı