Azərbaycanın döyüşə başlayacağı gün

08 Sentyabr, 2017 11:25 | Siyasət | Baxış sayı: 2173
"Sontsepek" yaylım atəşi silahı
"Sontsepek" yaylım atəşi silahı

“Bir ildən sonra Bakı üçün müharibədən başqa yol qalmayacaq”

Gələn ilin yazında Ermənistanda parlament üsul-idarəsinə keçiləcək və prezidentlik vəzifəsi ləğv ediləcək.

İstiPress-in məlumatına görə, bir çox erməni ekspertlər prezident vəzifəsinin ləğv edilməsi ilə Ermənistanın Qarabağ danışıqlarını tərk edəcəyini vurğulayırlar. Yəni onların iddialarına görə, Azərbaycan 2018-ci ilin aprel ayından ya danışıqları Xankəndidəki işğal rejimi ilə aparmalı, ya da münaqişəni müharibə yolu ilə həll etməyi seçməlidir.

Rusiya ermənilərinin qəzeti "Noyev Kovçeq"də bu barədə məqalə yazmış erməni politoloq Aleksandr Svarans  diplomatiyada geriyə yol olmadığını və Azərbaycanın Xankəndi ilə danışıqlar masasına oturmağaycağını, müharibə yolu seçəcəyini vurğulayır:

“Qarabağda növbəti müharibə daha dağıdıcı olacaq, şəksiz ki, münaqişə tərəflərinin iqtisadi və hərbi potensialının uzun müddət üçün dağıdacaq. Həmçinin üçüncü qüvvələrə regionda öz maraqlarını gerçəkləşdirmək üçün imkan əldə edəcəklər”,- deyə Aleksandr Svarans bildirib.

Svaransın fikrincə, “üçüncü qüvvələr” ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər - ABŞ, Rusiya və Fransa olacaq: “Formal olaraq onların maraqları Qarabağ məsələsində üst-üstə düşür, reallıqda isə tamamilə əksinədir. Ola bilər ki, məhz bu durum Ermənistanın və Azərbaycanın konstruktiv dialoq və real güzəştlər əldə etməsinə imkan vermir”.

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli
Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Ermənilər hər vəchlə zamanın Azərbaycanın xeyrinə işləmədiyini, Dağlıq Qarabağın heç zaman Azərbaycanın tərkibinə qaytarılmaycağını iddia edirlər. Onlar azərbaycanlıları inandırmağa çalışırlar ki, zaman Azərbaycanın xeyrinə işləmir və Rusiya heç zaman Qarabağın Azərbaycana qaytarılmasına icazə verməz və s. Onlar Azərbaycanı Madrid prinsiplərinin təslimçi bəndinə - Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün keçmiş muxtar vilayət ərazisində və Kəlbəcər və Laçın rayonlarını əhatə edən dəhlizdə referendum keçirilməsinə razı salmağa çalışırlar. Təbii ki, Azərbaycan beynəlxalq hüquqa və sərhədlərin toxunulmaz olması barədə Helsinki bəyannaməsinə zidd olan belə tələblərə razılıq verməyəcək.

Fikrət Sadıqov - Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq
Fikrət Sadıqov - Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq

Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq Fikrət Sadıqov İstiPress-ə müsahibəsində  erməni ekspertlərin iddialarının mənasız olduğunu vurğulayır:

“Münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun müəyyən etdiyi format var - danışıqlar Azərbaycanın dövlət başçısı ilə Ermənistanın dövlət başçısı arasında getməlidir. Hələ ki, Ermənistanın dövlət başçısı prezidentdir, ona görə danışıqlar onunla aparılır. Apreldən sonra dövlət başçısı baş nazir sayılacaq və danışıqlar onunla aparılacaq. Bir sıra ölkələrdə - İsraildə, İtaliyada dövlət başçıları baş nazirlərdir. Yəni bu məsələni dəyişmir və ermənilərə də bu aydındır”.

Amma erməni ekspertlərin can-fəşanlığının öz səbəbi var - danışıqlar və Ermənistanın beynəlxalq aləmdən təcridi uzadıqca bu ölkədən miqrasiya artı rvə onlar sülhü tezləşdirməklə bu köçü dayandırmağa çalışırlar. Hətta Azərbaycan sərhədindən uzaq regionlarda, xüsusilə də Gürcüstan sərhədində belə, kəndlər  tamamilə boşalır və şəhərlərdə əhali sayı dəfələrlə azalır. Məsələn, Ermənistanın ikinci paytaxtı sayılan Gümrüdə sovet illərində 300 minə yaxın adam yaşadığı halda, indi 70 minə düşüb. Ölkədə 100-ə yaxın kənd lağv olunub və 300-ündə isə evlər boşalıb və yalnız icra nümayəndələrinin ailələri qalıb.  Ermənistanda kənd sayı isə 900-ü keçmir. Yəni kəndlərin 40 faizi tamamilə ləğv edilib və ya boşalıb. 

Ermənistan KİV-ləri müstəqillik illərində ölkə əhalisinin 3,7 milyondan 1,9 milyona qədər azaldığını bildirirlər. Amma diaspora erməniləri ölkə əhalisinin real olaraq 1,4 milyona düşdüyünü bildirlər. Pentaqonun yaydığı proqnozlar daha acınacaqlıdır, onların fikrincə, 2050-ci ildə Ermənistanda cəmi 800 min adam qalacaq.  Yəni bu milli fəlakətdən onları yalnız Azərbaycanla imzalanmış sülh müqaviləsi xilas edə bilər ki, rəsmi Bakı bu müqaviləni yalnız Azərbaycanın ərazi bütövlüynün təmin edilməsi çərçivəsində imzalaya bilər.

Çingiz Rüstəmov / İstiPress