Azərbaycandan buddistlərin qırdığı müsəlmanlara kömək

08 Sentyabr, 2017 15:48 | Siyasət | Baxış sayı: 233
Arakan
Arakan

Humanitar yardım göndərilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədi ilə Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilir.

İstiPress xəbər verir ki, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Azərbaycan Xarici İşlər Nazirliyi bir neçə gün öncə Myanmada baş verən hadisələrə münasibət bildirib. Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlıq ifadə edilib.

Qeyd edək ki, Myanma ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çox sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.