ABŞ-ın İran sanksiyasının Azərbaycana təsiri olacaq?

08 Avqust, 2018 11:55 | Siyasət | Baxış sayı: 222
Donald Tramp
Donald Tramp

Tramp bu barədə göstəriş verib

ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar "Cənub Qaz Dəhlizi" layihəsinə aid olmayacaq. Bu barədə "S&P Global Platts" agentliyi ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən açıqlama yayıb.

Məlumatda bildirilir ki, BP “Cənub Qaz Dəhlizi” üçün təbii qaz mənbəyi olan Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə sanksiyaların şamil olunmaması məqsədilə icazə almaq istəyib. İranın “NICO” şirkəti isə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində 10 faiz paya malikdir. Bildirilir ki, ABŞ-ın noyabrın 4-dən qüvvəyə minəcək enerji sahəsinə aid yeni sanksiyaları İranla biznesi davam etdirən şirkətlərə aid olacaq.

Məlumatda qeyd edilir ki. D.Trampın qərarında “təbii qaz layihəsi istisna olunur” ifadəsi işlədilir ki, bu da “Cənub Qaz Dəhlizi”ni nəzərdə tutur. 

Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. İyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.

“Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. CQBKG layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonuna həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub.

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Layihə üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 94,8 faizi, TAP-la bağlı isə 74,6 faizi yerinə yetirilib.