Rus ekspert: Ermənistan 5 rayonu qaytarmağa razılaşıb

08 İyul, 2019 16:47 | Siyasət | Baxış sayı: 616
Nikol Paşinyan Qarabağ klanı ilə birlikdə
Nikol Paşinyan Qarabağ klanı ilə birlikdə

Stanislav Tarasovun eyham dolu məqaləsi

Rusiyalı ermənipərəst ekspert Stanislav Tarasovun son məqaləsindən belə anlaşılır ki, Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu Azərbaycanın nəzarətinə qaytarmağa razılaşıb və hazırda bu istiqamətdə işlər gedir.

İstiPress-in məlumatına görə, rus müəllif  “Regnum”da yazdığı məqaləsində bu işə hətta Dağlıq Qarabağa rəhbərlik edən klan təmsilçilərinin də razılaşdığına eyham vurub.

Təbii ki, Tarasov bütün bunları açıq yazmayıb, sadəcə bildirib ki, həmsədrlərin Vaşinqton görüşündən sonra Ermənistan tərəf Dağlıq Qarabağın mərhələli şəkildə Qarabağ danışıqlarına qoşulmasından danışmağa başlayıb. Bu barədə yetərincə adekvat diplomat olan Zohrab Mnasakanyanın müzakirələr apardığını bildirən Tarasov  hətta Madrid prinsipləri çərçivəsində 2+3+2 və ya 3+2+2 sxemi üzrə danışıqların gedəəcyinə işarə vurub.

Bu sxem sadə oxucu üçün bir şey deməsə də, Madrid prinsipləri ilə yaxından tanış olan diplomatlar üçün bu, Ermənistan ordusunun ilk növbədə Dağlıq Qarabağ Ətrafındakı 5 rayonu - Ağdam, Fizuli, Cəbrayıl, Goranboy və Zəngilan rayonlarını tərk etməsi deməkdir. Daha sonra Ermənistan ordusu işğal zonasını bütünlüklə tərk etməli və yerinə sülhməramlılar girməlidir.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Ermənistan ordusu ilk 5 rayonu tərk etdikdən sonra Azərbaycan Dağlıq Qarabağı və Ermənistanı mühasirədən çıxarmalıdır, Dağlıq Qarabağa aralıq status verilməlidir. Daha sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın gələcək stausu barədə Bakı ilə Xankəndi arasında birbaşa ddanışıqlar getməlidir. Tarasovun dediyindən belə çıxır ki, 2017-ci ildə Serj Sarkisyanın razılaşmadığı varianta Paşinyan Qarabağ klanını razılaşdıra bilib.